Paşinyanın Qərb kursu: KTMT-dən çıxış NATO yolunu açır?- ÖZƏL
14:20 SiyasətKTMT-nin baş katibi Talatbek Masadıkov bildirib ki, Ermənistanın təşkilatdan çıxarılıb-çıxarılmaması ilə bağlı qərarı Kollektiv Təhlükəsizlik Şurası verəcək. O, Nikol Paşinyanın məsələni gündəmə gətirməsinin siyasi səbəblərlə bağlı ola biləcəyini qeyd edib.
Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gəlməsini necə qiymətləndirirsiniz və bu, təşkilat üçün hansı nəticələr yarada bilər?
Paşinyanın KTMT ilə bağlı mövqeyinin arxasında hansı siyasi məqsədlər dayanır?
Mövzu ilə bağlı siyasi şərhçi Azad Məsiyev Olaylar.az-a açıqlama verib:
" Qeyd edim ki, Paşinyanı hakimiyyətə təsadüfən gətirmədilər. Paşinyan ABŞ-ın himayəsi ilə hakimiyyətə gəldi və ABŞ qarşısında bir öhdəlik götürdü ki, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, eyni zamanda Ermənistanı Rusiya platformalarından uzaqlaşdırmaq. Bu illər ərzində də Paşinyan bu siyasəti uğurla həyata keçirməkdədir.
Bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot edir və toplantılarında iştirak etmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük haqqı ödənilmir. Ümumiyyətlə, birmənalı şəkildə bu təşkilatı boykot edir və dəfələrlə Ermənistanı dəvət etsələr də, Paşinyan açıq şəkildə bu təşkilatı boykot edir, tədbirlərində iştirak etmir. Rusiya Prezidenti ilə Ermənistan Baş naziri açıq görüşəndə Rusiya Prezidenti açıq mövqeyini bildirdi ki, iki masada oturmaq olmaz, ya Avropa Birliyini qəbul etməlisən, ya da Avrasiya İqtisadi Birliyini. Paşinyan isə seçkilər dövründə apardığı təbliğatla yanaşı, indiki məqamda da açıq şəkildə bəyan edir ki, Ermənistan Avropa Birliyinə inteqrasiya edəcəkdir. Deməli, Avropa Birliyinə inteqrasiya edərsə, Avropa Birliyinin üzvü olarsa, növbəti mərhələdə Ermənistanın mövqeyi NATO blokuna daxil olmaq istiqamətində olacaqdır. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını təsadüfən boykot etmir və məqsədyönlü şəkildə boykot edərək oradan uzaqlaşmasına bir növ rəvac verir. Məqsəd Avropa Birliyinə daxil olduqdan sonra NATO blokuna daxil olmaqdır. Çünki NATO blokuna daxil olan dövlət başqa bir blokda olmamalıdır. Bu baxımdan, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq, yaxud çıxarılmaq istəyi dolayısı ilə onun özünün niyyətini göstərir. Elə Paşinyan bu yaxınlarda bəyan etdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanı çıxarsalar, çox şad olar. Bu, nəyə mesajdır? Bu, dolayısı ilə niyyətinin göstəricisidir. Və Ermənistan açıq şəkildə bu siyasəti həyata keçirməkdədir.
Təbii ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi var və bu nizamnaməni Ermənistan dövləti nümayişkaranə şəkildə pozur. Belə olan təqdirdə, bu təşkilatdan Ermənistan qovula bilər. Amma Ermənistanın gələcək taleyi necə olacaq, bunu zaman göstərəcək.
Hesab edirəm ki, Paşinyanın açıq şəkildə Avropa Birliyinə inteqrasiya etmək və növbəti mərhələdə NATO blokuna daxil olmaq mövqeyini görəcəyik.
Ermənistanın NATO blokuna daxil olması regionda güc balansının pozulması deməkdir. Bu, birbaşa Rusiyaya qarşı təhlükə deməkdir. Ukraynada baş verən hadisələr də Ukraynanın NATO-ya inteqrasiyası məsələsi, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi məsələsidir və buna görə də bu münaqişənin əsas səbəblərindən biri NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsidir. Əgər Ermənistan da bu siyasəti həyata keçirəcəksə, necə ki, Zelenski, ümumilikdə Ermənistanda baş verən siyasi proseslər Ukraynadakı ssenarinin bir tərkib hissəsidir. Bu baxımdan, Ermənistanın gələcəkdə gərginlik yaşayacağı konturları görünməkdədir. Daha doğrusu, Ermənistanın başını qara buludlar almaqdadır".
Zeynəb Mustafazadə