Ukrayna müharibəsi uzanır: Artan hərbi ritorika və nüvə təhlükəsi - ÖZƏL
14:17 Siyasət"Ukrayna müharibəsi ilə bağlı davakar ritorikanın ciddi şəkildə qızışması təəccüblü deyil. Ritorikanın kəskinləşməsi, əslində, müharibənin xarakterinin hər iki tərəf tərəfindən kifayət qədər dərk olunması ilə bağlıdır."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Rusiya da Ukraynaya təcavüz edərkən bunun uzunmüddətli müharibəyə çevrilə biləcəyini yaxşı anlayırdı. Çünki Rusiya ilk olaraq Krımı və Ukraynanın cənub-şərq bölgələrini işğal edəndə bilirdi ki, Ukrayna və Avropa bu işğalla heç vaxt barışmayacaq. Eyni zamanda, Ukrayna və onun müttəfiqləri də Rusiyanın Ukraynanı öz təsir dairəsindən çıxarmaq istəmədiyini anlayırdılar. Buna görə də hər iki tərəf müharibənin uzun və ləng xarakter alacağını əvvəlcədən böyük ölçüdə ehtimal edirdi.
Bu səbəbdən hərbi ritorikanın bundan sonra da daha da qızışması mümkündür. Hərbi ritorikanın kəskinləşməsi, təbii olaraq, hərbi əməliyyatların intensivliyinin artması ilə paralel gedir. Lakin hərbi qarşıdurmanın tempini müəyyən etmək imkanları bəzi şərtlərdə Rusiyanın əlində deyil. Çünki Rusiya hazırda müharibənin gedişatını tam şəkildə müəyyən edən tərəf deyil.
Ukrayna və onun müttəfiqləri müəyyən qədər yumşaqlıq nümayiş etdirsələr, hərbi əməliyyatların səngiməsi mümkündür. Əksinə, Rusiyanın hərbi əməliyyatlarda müəyyən geri addım atması müharibənin başa çatmasına doğru prosesə təkan verə bilər. Bu baxımdan müharibənin tempini və ritmini müəyyən edən tərəf daha çox Rusiya deyil, Ukrayna və onun müttəfiqləridir.
Ukrayna və onun müttəfiqləri isə hələlik müharibənin tempinin zəiflədilməsində maraqlı görünmürlər. Çünki Rusiyanı ən azı iqtisadi baxımdan zəiflətmək və müəyyən mənada müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq strategiyası hələ tam nəticə verməyib. Bu mənada müharibənin yaxın vaxtlarda yekunlaşması ilə bağlı ciddi əsaslar görünmür. Əksinə, qarşıdurmanın bundan sonra daha da qızışması ehtimalı var.
Nüvə silahından istifadə məsələsi isə müharibənin ilk günlərindən etibarən gündəmdədir. Rusiya tərəfinin yüksək səviyyəli rəsmiləri də bir neçə dəfə nüvə silahından istifadənin mümkünlüyünü istisna etməyiblər. Lakin hərbi ritorika və döyüşlər nə qədər qızışsa da, bunun yaxın perspektivdə nüvə silahının tətbiqinə gətirib çıxaracağı ehtimalını real hesab etmək çətindir.
Ən azı ona görə ki, Rusiyanın nüvə potensialı NATO-nun ümumi nüvə potensialından üstün deyil. Digər tərəfdən, dünyanın ən böyük nüvə güclərindən biri olan ABŞ hazırda bu hərbi əməliyyatlarda birbaşa iştirakdan kənarda dayanır. Əgər ABŞ müharibənin aktiv hərbi iştirakçısına çevrilsəydi, Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı narahatlıqlar daha ciddi xarakter ala bilərdi.
Lakin Rusiya ən azı ABŞ-ın açıq şəkildə hərbi əməliyyatlara qoşulmasının mümkün nəticələrini nəzərə alaraq nüvə silahından istifadəyə əl atmaqdan çəkinə bilər. Bu baxımdan nüvə silahı hazırda daha çox qorxu yaratmaq və qarşı tərəfə təzyiq göstərmək, yəni şantaj taktikası kimi istifadə olunur.
Ona görə də qarşıdakı mərhələdə Rusiyanın nüvə silahından faktiki istifadəsindən daha çox, nüvə kartından siyasi və hərbi təzyiq vasitəsi kimi istifadə etməsi ehtimalı yüksəkdir."
İbrahim Məmmədli