Ermənistanın hərbi cinayətkarları Azərbaycana təhvil verəcəyi inandırıcı deyil-
11:53 Siyasət"Paşinyanın ilk baxışda konstruktiv təsir bağışlayan bəzi hərəkətləri kimi, sonuncu da regionda sülhün möhkəmləndirilməsi üçün deyil. Ümumiyyətlə, Ermənistan baş naziri indiyədək heç bir real sülh təşəbbüsündə bulunmayıb. Onun indiki sülh gündəliyinin mövcudluğunda ən böyük xidməti əvvəlki acı təcrübənin diqtəsi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yöndə irəli sürdüyü təşəbbüslərlə razılaşmamağın özü və ölkəsi üçün yaxşı heç nə vəd etmədiyini anlamasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Sərkisyanı qoyuram qırağa (niyəsini sonra açıqlayacam), Köçəryanın həbsinin, fikrimcə, iki səbəbi var. Birinci səbəb parlament seçkisi öncəsi çıxarılan dərsdən doğur. Bu seçkidə Paşinyan aydın gördü ki, guya ayrı-ayrılıqda mübarizə apardıqları görüntüsü yaratsalar da, tam Rusiyanın cızdığı ssenari üzrə hərəkət edən Köçəryan-Karapetyan-Tsarukyan üçlüyü onun üçün böyük təhlükə mənbəyidir. Əgər Azərbaycanın yaratdığı reallıq və Qərbin açıq dəstəyi olmasa idi, o, bu il keçirilən seçkidə ən azından indiki nəticəni əldə edə bilməyəcəkdi. Amma qarşıda referendum var. Bu referendumda qərbdəkilərin hamısı çətin yenə eyni mövqedən çıxış etsinlər. Çünki məsələn, Fransa və daha bir neçə dövlət Ermənistanda nə referendum keçirilməsində, nə də sülhdə maraqlıdırlar. Referendum isə mütləq keçirilməlidir. Keçirilməsə, Ermənistan baş nazirinin hakimiyyətdə qalmasına Qərbdən, məncə, daha təsirli dəstək verənlər fərqli siyasət yeridəcəklər. Bunun nə demək olduğunu və nəyə aparıb çıxaracağını Ermənistan baş naziri gözəl anlayır. Yəni elə bir reallıq yaradılıb ki, Paşinyan üçün hakimiyyət ilk növbədə Azərbaycanla sülh deməkdir. Sülh olmayacaqsa, hakimiyyət də, mümkündür ki, bəlli səbəbdən özü də olmayacaq. Ona görə də o, sözügedən üçlüyü neyrallaşdırmağa çalışır. Həmin üçlük də boğazacan çirkab içində olduğundan və qərbdə hələ ki Ermənistandakı həbslərə "demokratik proses" kimi yanaşıldığından, Paşinyan elə də böyük çətinliklərlə üzləşmir.
Bu həbslərə görə ən böyük zərbə Rusiyadan gələ bilərdi ki, son bir neçə ayda Moskva onsuz da Ermənistanı heç vaxt olmadığı qədər sıxışdırır. Ona görə də həmin Moskvanın diqtəsi ilə bir vaxt həbsdən buraxılan Köçəryanın cinayət dosyesini yenidən aktivləşdirməkdə elə də çox tərəddüd edilmədi. Eyni gündə daha bir hərbi cinayətkar Serj Sərkisyan da Ermənistanın İstintaq Komitəsinə dəvət edildi ki, açığı, onun həbs olunacağına çox da inanmıram. Çox ehtimal ki, bu, guya bütün korrupsionerlərə eyni cür yanaşıldığı görüntüsü yaratmaq üçündür.
Xatırladım ki, 2018-ci ildən üzü bəri Serj Sərksiyana qarşı bir neçə cinayət işi açılsa da, qardaşı, qardaşı uşaqları, kürəkəni və mühafizə rəisi ağır ittihamlarla üzləşsələr də, haqqında indiyə qədər həbs qətimkan tədbiri seçilməyib. Bunun səbəbi isə yəqin ki, Sərkisyanın prezidentliyinin son illərində atılan addımlarda, Avropa İttifaqı ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) imzalanmasında, öz yerinə Rusiyanın adamı Karen Karapetyanın gətirilməsinə dirəniş göstərməsində və Qərbin Ermənistanda mövqeyinin güclənməsinə bilərəkdən mane olmamasında axtarılmalıdır. Moskvanın onun devrilməsinə gözlənilən reaksiyanı verməməsi də Kremldə Sərkisyanın Köçəryandan fərqli olaraq ikili oyun apardığını dəqiq bildiklərini göstərirdi. Düşünürəm ki, bax bu ikili oyun Ermənistanda gedən "demokratik proses"də onun üçün zirehə çevrilib.
Bu ünsürlərin tutularaq Azərbaycana təhvil verilib-verilməyəcəkləri haqda müəyyən mülahizələrə də var ki, oxuyanda, təəccüblənməmək olmur. Sabah Azərbaycanla Ermənistan arasında sülh anlaşması imzalansa və qarşılıqlı hüquqi yardım haqda razılaşma olsa belə, sözügedən hərbi cinayətkarlar bizə təhvil verilməyəcək. Rəsmi İrəvanın hazırda Bakıda həbsxanada olan digər hay hərbi cinayətkarları ilə bağlı hansı mövqedən çıxış etdiyini bəyəm görmürsünüz? Və necə düşünürsünüz, otuz il ərzində etdikləri vəhşiliklərə, mərdiməzarlığa görə Azərbaycan xalqından heç bir üzr istəməyənlər, bunu ağlının ucundan belə keçirməyənlər, Paşinyanın hələ də işğal altında olan bir neçə kəndimizlə bağlı mövqeyini "xəyanət" kimi qiymətləndirənlər doğrudanmı bizimlə əbədi sülhə hazırdırlar? Qonşu ölkədə çoxluq Azərbaycanın gücünü görüb, bəli, hazırda müharibə istəmir. Amma bu gün istəmir, yerlərinə yenə kimlərsə gəlib savaşacaqsa, mən heç əmin deyiləm ki, sabah da istəməyəcək.
Gəlin unutmayaq, müharibədən qorxmaq heç də sülhə tam hazır olmaq demək deyil. Qarşımızda hələ qonşularımızı əbədi sülhə hazırlamaq, onlara əli elə hayların da qanına batan hərbi cinayətkarları Azərbaycana təhvil verməyin qaçılmazlığını anlatmaq kimi uzun vaxt tələb edən bir proses var".