Ankaranın İslam dünyası liderliyinə can atması Təl-Əvivin qayğılarını artırır- ÖZƏL
11:48 Siyasət"İsrailin Yaxın Şərqdəki fəaliyyəti mahiyyət etibarilə bəhanələr toplusundan ibarət işğal siyasətidir. Yəhudi dövləti Livan, Suriya, Fələstin kimi dövlətlərdə siyasi istiqrarsızlığın davam etməsi üçün bütün imkanlarını səfərbər edir və faktiki olaraq sözügedən ölkələrin torpaqlarını ələ keçirir. İsrailin addımları regional balansada bərpa edilməsi mümkün olmayan çatlar yaradır və ən təhlükəlisi proseslər artıq siyasi müstəvidən çıxaraq din savaşlarının başlanmasını tətikləyir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "Son günlər baş verən hadisələr İrandan sonra yeni bir regional gücün, yəni Türkiyənin İsraillə toqquşma ehtimalını artırır. Təl-Əviv nümayişkaranə tərzdə, məhz hərbi güc tətbiq etməklə Ankaranın regional genişlənməsinin qarşısını almağa çalışır. Ən son Suriyada baş verənlər bunun təsdiqidir.
Təbii ki, AKP höküməti üçün İsrailə qarşı mübarizə həm geostrateji bir məsələdir, həmdə daxili auditoriyaya hesablanmış pyardır. Eyniylə Netanyahu hökuməti üçün də qeyd etdiklərim keçərlidir. Təsdiq üçün İsraildə parlament seçkiləri öncəsi aparılan propaqandaları izləmək kifayətdir.
İsrailin bu qədər fəallaşmasının ardında yatan səbəblərdən biri Türkiyənin sürətlə güclənməsidirsə, digər bir səbəbsə hesab edirəm ki, yaxın günlərdə qurulan "Məkkə" blokudur. Artıq regionda bütün zəruri hərbi-siyasi-iqtisadi imkanlara malik blok formalaşır. Həmçinin Ankaranın İslam dünyası liderliyinə can atması Təl-Əvivin qayğılarını artırır. Belə olduğu təqdirdə, Netanyahu hökuməti üçün prioritet məsələ təbii ki, islamçı AKP hökumətinin qarşısını bir vasitəylə almaqdır. Bunu nə qədər bacaraq yalnız zamanla öz təsdiqini tapacaq".