Hörmüz boğazında gərginlik: Qlobal ticarət üçün təhlükə, yoxsa ABŞ-ın marağı? - ÖZƏL

"Hörmüz boğazında həqiqətən də təhlükəli vəziyyət yaranıb. Məsələyə yalnız mina təhlükəsi kimi yanaşmaq düzgün deyil. Bu, eyni zamanda dünyanın iqtisadi təhlükəsizliyi baxımından ciddi problemdir. Çünki Hörmüz boğazı qlobal ticarətin əsas strateji marşrutlarından biridir. Şərqdən qərbə, qərbdən şərqə uzanan ticarət yollarının mühüm hissəsi məhz bu boğazdan keçir."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Yüklərin daşınması, xüsusilə də Çindən bölgəmizə İran üzərindən gətirilən yüklərin bir hissəsi Hörmüz boğazından keçir. Təbii ki, bu ərazidə gərginliyin yaranması bizə də ciddi təsir göstərir. Məsələnin bir tərəfi budur. Digər tərəfdən isə bölgə ölkələrinin özləri də çətin vəziyyətdə qalıblar və rahat hərəkət edə bilmirlər. Bu isə ümumilikdə qlobal böhran deməkdir. Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır.

Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının müttəfiqi olan Körfəz ölkələri də problemin mümkün qədər tez və uyğun şəkildə həllində maraqlıdırlar. Lakin İran inadkarlıq edir. Üstəlik, imkanlarını nəzərə almadan ABŞ-la sərt qarşıdurma görüntüsü yaratmağa çalışır. Xalq dilində desək, Amerika Birləşmiş Ştatları ilə danışmaq əvəzinə, ona "xox gəlməyə" cəhd edir. Təbii ki, bu da prosesin uzanmasına və Hörmüz boğazındakı gərginliyin davam etməsinə gətirib çıxarır.

İran "daşı ətəyindən töküb" normal şəkildə masa arxasında otursa və razılaşmaya getsə, hesab edirəm ki, məsələ köklü şəkildə və qısa müddətdə həll oluna bilər. Burada prosesin taleyi daha çox İrandan asılıdır.

ABŞ-ın isə Hörmüz boğazındakı gərginlikdən müəyyən mənada itirəcəyi bir şey yoxdur. Əksinə, bu vəziyyət onun enerji və iqtisadi maraqlarına müəyyən üstünlüklər qazandıra bilər. Donald Tramp da dəfələrlə ABŞ-ın neft satdığını və ticarət imkanlarını vurğulayıb. Yəni Hörmüz boğazında gərginliyin davam etməsi müəyyən mənada Amerikanın işinə yarayır. Amma bunun bizim maraqlarımıza xidmət edib-etmədiyi ayrı məsələdir.

Mən hesab edirəm ki, bu gərginlik hələ bir müddət davam edəcək. Hətta çox güman ki, Zəngəzur dəhlizi işə salınana qədər prosesin süni şəkildə uzadılması ehtimalı da var. İranla ABŞ zahirən düşmən mövqedə olsalar da, müəyyən məsələlərdə bağlı qapılar arxasında anlaşmaların əldə olunması istisna deyil.

Təbii ki, belə bir proses ilk növbədə İranın öz maraqlarına zərər vura bilər. Lakin İranı idarə edən siyasi qüvvələrin dövlət, millət, vətən və xalq kimi anlayışlardan daha çox öz siyasi maraqlarını düşündükləri qənaəti var. Buna görə də müəyyən məsələlərdə ABŞ-a mərhələli şəkildə güzəştlər edərək qarşılığında nələrsə əldə etməyə çalışmaları mümkündür.

Ümumilikdə vəziyyət kifayət qədər gərgindir və düşünürəm ki, yaxın vaxtlarda Hörmüz boğazındakı gərginliyin tam aradan qalxması real görünmür."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31