Pezeşkianın birlik çağırışı: İranın təşəbbüsü regionda real nəticə verə bilərmi?- ÖZƏL

İran Prezidenti Məsud Pezeşkian müsəlman ölkələrini Yaxın Şərqdə uzunmüddətli sabitlik və təhlükəsizliyi təmin etmək üçün birliyi gücləndirməyə çağırıb. O bildirib ki, ticarət və əməkdaşlığın inkişafı region ölkələri arasında əlaqələri möhkəmləndirə bilər.

Pezeşkianın müsəlman ölkələrini birlik və əməkdaşlığa çağırışını regiondakı mövcud geosiyasi gərginlik fonunda necə qiymətləndirirsiniz? İranın bu təşəbbüsü Yaxın Şərqdə təhlükəsizlik və regional əməkdaşlığın gücləndirilməsinə real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" İran Prezidentinin region ölkələri arasında münasibətləri və iş birliyini gücləndirmək təklifi fikirləri, əlbəttə ki, maraqlı fikirlərdir. Region ölkələri arasında ticarət əməkdaşlığının möhkəmlənməsi doğrudan da bölgədə təhlükəsizlik və əməkdaşlıq mühitini sabitləşdirə bilər. Amma nəzərə alsaq ki, Pezeşkianın fikirləri onun şəxsi fikridir və bu, İran dövlətinin mövqeyi deyil. İran dövlətinin bu məsələdə mövqeyi kifayət qədər ziddiyyətlidir. İranda siyasi ritorikada parçalanma var və əslində, Yaxın Şərqdə qeyri-sabitlik mənbələrindən biri də İranın özüdür. Onun regionda apardığı uzun illərdir davam edən siyasətdir. O siyasət ki, qonşu ölkələrin daxili işinə qarışmaq, onların ərazisində agentura şəbəkələri, təxribat qrupları və proksi qüvvələri dəstəkləməkdir. Əslində, elə regionu kifayət qədər gərginləşdirən amillərdən biridir. Bu baxımdan, bu təşəbbüs nə qədər xoş səslənsə də, maraqlı olsa da, nəzərə alsaq ki, İranda heç də hər kəs bizimlə eyni cür düşünmür, xüsusilə də SEPAH və ona yaxın mühafizəkar kəsim tərzdə düşünür. Bu baxımdan, bu, bir təşəbbüs olaraq qalır. Nə zamansa belə bir ideya gerçəkləşə bilər, amma onun yaxın perspektivdə reallaşması imkansız görünür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31