Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq yeni coğrafiyanı formalaşdırır- ÖZƏL

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində Özbəkistanın iştirakı iki ölkə münasibətlərinin mənəvi tərəfini xüsusi şəkildə nümayiş etdirir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi bu dəstəyin ilk mühüm amillərindən biri olub. Xankəndidə tikiş fabrikinin yaradılması isə münasibətlərin daha geniş iqtisadi məzmun qazandığının göstəricisidir. Bu layihələr Qarabağın bərpasına töhfə verməklə yanaşı, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın yeni coğrafiyasını formalaşdırır. Qarabağ artıq dost və qardaş ölkələrin investisiyalarının yönəldiyi yeni iqtisadi məkana çevrilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Özbəkistanın Avropa bazarlarına çıxışının genişləndirilməsi üçün Xəzər üzərindən Azərbaycan istiqaməti mühüm alternativdir. Azərbaycan isə Mərkəzi Asiyanın artan yük potensialından öz tranzit imkanlarının genişləndirilməsi üçün istifadə edə bilər. Bu qarşılıqlı maraq Orta Dəhlizin əhəmiyyətini artırır. Dəhlizin inkişafı ilə Azərbaycan yalnız tranzit ölkə kimi deyil, Mərkəzi Asiya ilə Avropa arasında logistika mərkəzi kimi mövqeyini gücləndirəcəkdir. Özbəkistan üçün isə alternativ ixrac marşrutlarının artması xarici ticarətin dayanıqlılığını gücləndirir. Dövlətimizin başçısı qeyd edib: "Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir".

Azərbaycan və Özbəkistanın enerji sahəsində əməkdaşlığı ənənəvi neft-qaz layihələri ilə yanaşı yeni enerji gündəliyinə də keçəcəkdir. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin son mərhələyə çatması qarşılıqlı fəaliyyətin real nəticələrindən biridir. SOCAR-ın Özbəkistan bazarında fəaliyyəti də bu sahədə əməkdaşlığın dərinliyinin göstəricisidir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün də ciddi potensial mövcuddur. Azərbaycanın külək enerjisi, xüsusilə Xəzər dənizinin potensialı, Özbəkistanın isə günəş və külək enerjisi resursları yeni layihələr üçün zəmin yaradır. Gələcəkdə texnologiya mübadiləsi və enerji sahəsində kadr hazırlığı da əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31