Artıq Laçın dağlarının arxasından doğan Günəş torpağa hərarət verir- ÖZƏL

"26 avqust Laçın şəhər günüdür. Günün əhəmiyyətini bilməkdən ötrü yaxın tariximizdəki bir neçə məsələyə diqqət yetirməyi faydalı hesab edirəm. Relyefinə görə Laçın rayonunu işğalçılardan qorumaq mümkün olsa da, dövlətin və millətin taleyindən ötrü məsuliyyəti üzərinə götürmüş şəxslər bunu bacarmadılar. Bilmədilər ki, işğal edilmiş Laçını azadlığa qovuşdurmaq nə qədər çətin olacaqdır. 1992-ci il mayın 18-də Laçın işğal edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin üavini Musa Qasımlı deyib: "Laçını işğaldan hərbi yolla azad etmək yenə də relyefinə görə onu qorumadan qat-qat çətin idi. Hərbi əməliyyatlar minlərlə azərbaycanlı hərbçinin şəhid olmasına gətirib çıxaracaqdı. Bunu necə etmək olardı?  2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində imzalanan üçtərəfli bəyanatla Laçın dekabrın 1-də Azərbaycana qaytarıldı. Azərbaycan Silahlı Qüvvələrinin 2022-ci il avqustun 26-da bir güllə atmadan şəhərə daxil olması sadəcə bir rayonun azad edilməsi deyil, eyni zamanda dövlət sərhədlərinin bərpası anlamına gələn tarixi hadisə idi. Tariximizdə nadir hadisələrdən biri olan Laçının dinc yolla azad edilməsi həm də idarəçilərin fəaliyyəti arasındakı fərqi göstərir. Laçının döyüşsüz azad edilməsi mümkün olmayanın mümkün edilməsi və zəkanın qələbəsi idi. 
      
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə təsis edilən şəhər günlərinin siyahısında 26 avqust tarixinin Laçın şəhəri günü elan olunması yalnız Laçın sakinlərinin şəhər günü anlamına gəlmir. Bütün millətimizin bayramı olan bu gün həmin tarixin yaddaşlara hopdurularaq gələcək nəsillərə ötürülməsidir, geri dönüb baxmağa, yaxın tariximizə dərindən nəzər yetirməyə, haradan haraya gəldiyimizi dərk etməyə, düzgün nəticələr çıxarmağa və ibrət dərsləri almağa vadar edir. 
   
 İşğaldan azad edildikdən qısa müddət sonra Laçında aparılan inanılmaz tikinti-quruculuq işləri, dağların partladılaraq yeni yolun tikintisi, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, ən başlıcası, insanların dədə-baba torpaqlarında dövlət büdcəsi hesabına tikilmiş müasir evlərə köçürülməsi, yurd həsrətinə son qoyulması, rayona həyatın qayıtması, Laçın dağlarında, Həkəri çayının sahilində turizmin inkişafına  imkanların yaradılması daha yaxşı günlərdən xəbər verir. 
       Artıq Həkəri çayının suları qan ağlamır, şəffafdır. Laçın dağlarının başını qara buludlar örtməyib, dağların arxasından doğan Günəş torpağa hərarət verir..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31