Laçın Şəhəri Günü: Zəfərin və qayıdışın ünvanı- ÖZƏL

"Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Prezident İlham Əliyev Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə götürülməsi ilə bağlı xalqımıza tarixi müjdə verdi. Həmin gün Zabux və Sus kəndlərinin də nəzarətə götürülməsi Laçının təhlükəsizliyi baxımından mühüm hadisəyə çevrildi. Bu əlamətdar tarix artıq dördüncü ildir ki, ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur. Laçının azadlığı Azərbaycan xalqının uzun illər davam edən həsrətinə son qoyan mühüm Zəfər hadisələrindən biridir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri Gülnar Səfərova deyib: 
"Laçın rayonunun işğalı 1992-ci ilin mayında Azərbaycanın üzləşdiyi ən ağır faciələrdən biri olub. Həmin dövrdə ölkədə siyasi qarşıdurmanın dərinləşməsi və hakimiyyət uğrunda mübarizə dövlətin müdafiə imkanlarına mənfi təsir göstərirdi. Nəticədə strateji əhəmiyyət daşıyan Laçının müdafiəsi lazımi səviyyədə təşkil edilmədi. İşğaldan sonra rayonun bütün yaşayış məntəqələrində həyat iflic vəziyyətə düşdü və əhali doğma yurdlarından didərgin salındı. Bu hadisələr Azərbaycan tarixində böyük insan faciəsi və ərazi itkisi kimi yadda qaldı.

İşğal illərində Laçının maddi və mədəni irsinə də ciddi zərər vuruldu. Rayonun məktəbləri, səhiyyə ocaqları, mədəniyyət müəssisələri və digər sosial obyektləri dağıdıldı. Çoxsaylı tarixi abidələrin vandalizmə məruz qalması xalqımızın mədəni irsinə qarşı törədilən cinayətlərin miqyasını göstərdi. Laçının təbii sərvətlərindən qanunsuz istifadə olunması da işğalın iqtisadi fəsadlarından biri idi. Bütün bu dağıntılara baxmayaraq, laçınlıların doğma torpağa bağlılığı heç vaxt zəifləmədi.

44 günlük Vətən müharibəsi Laçının taleyində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun qazandığı parlaq qələbə nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu. 2020-ci il dekabrın 1-də Laçın rayonu üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın nəzarətinə qaytarıldı. Bundan əvvəl Güləbird, Səfiyan və Türklər kəndlərinin azad edilməsi Laçın istiqamətində mühüm hərbi uğurlar sırasında yer almışdı. 2022-ci ilin avqustunda şəhərin və iki kəndin nəzarətə götürülməsi isə rayonun yeni inkişaf mərhələsini başlatdı.

Bu gün Laçın sürətli bərpa və quruculuq prosesinin nümunəvi ünvanlarından biridir. Prezident İlham Əliyevin diqqəti ilə şəhərdə müasir yaşayış binaları, sosial obyektlər və infrastruktur yaradılır. Böyük Qayıdış proqramı çərçivəsində ailələrin Laçına köçürülməsi doğma torpaqların yenidən canlandırıldığını göstərir. Yeni iş yerlərinin yaradılması və iqtisadi imkanların genişləndirilməsi rayonun gələcək inkişafına mühüm zəmin yaradır. Laçın Şəhəri Günü bundan sonra da xalqımızın yaddaşında Zəfərin, qayıdışın və dirçəlişin rəmzi kimi yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31