Laçının azadlığı Azərbaycan tarixinin şanlı səhifəsidir- ÖZƏL

l

"Laçın zəngin tarixə, qədim yaşayış ənənələrinə və mühüm coğrafi mövqeyə malik Azərbaycanın şəhərlərindən biridir. Kiçik Qafqazın cənub-şərq yamaclarında yerləşən Laçın strateji mövqeyi, zəngin təbii sərvətləri və əlverişli coğrafi xüsusiyyətləri ilə seçilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib: "1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində şəhər və rayonun yaşayış məntəqələri dağıdılmış, əhalisi doğma yurdlarından məcburi şəkildə didərgin salınmışdır. Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi əlaqənin yaranmasına səbəb olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün formalaşması üçün möhkəm təməl yaratmışdır. Bu siyasət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, 2020-ci ildə Vətən müharibəsində əldə olunan Zəfərlə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə edilmişdir.

Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılmış, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.

Hazırda Laçında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır və əhalinin doğma yurdlarına qayıdışı təmin edilir. Laçınlıların Böyük Qayıdış proqramı çərçivəsində öz doğma torpaqlarına qayıtması tarixi ədalətin bərpasının mühüm göstəricisidir.
Bu gün azad Laçın Azərbaycanın Zəfərinin, dövlət suverenliyinin və Böyük Qayıdış siyasətinin parlaq nümunələrindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31