Özbəkistan iqtisadiyyatının böyüməsi Azərbaycan şirkətləri üçün yeni bazara çıxış deməkdir- ÖZƏL
10:47 Siyasət"Azərbaycan-Özbəkistan münasibətlərinin sürətli inkişafında iki ölkənin liderləri arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq xüsusi rol oynayır. Sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə aparılan dəyişikliklər yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycan üçün bu prosesin əhəmiyyəti xüsusilə böyükdür. Çünki Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biridir. Özbəkistan iqtisadiyyatının böyüməsi Azərbaycan şirkətləri üçün yeni bazar, ölkəmizin logistika imkanlarının inkişafı isə özbək məhsullarının yeni istiqamətlərə çıxışı deməkdir. Bu baxımdan iki ölkənin paralel inkişafı qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi üçün strateji baza yaradır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib:
"Azərbaycan-Özbəkistan münasibətlərinin iqtisadi gündəliyində 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi xüsusi yer tutur. Bu rəqəm artıq uzaq perspektivin göstəricisi kimi deyil, yaxın illərdə reallaşacaq real məqsəd kimi nəzərdən keçirilir. Bunun üçün iki ölkə arasında yalnız ənənəvi ticarətin genişləndirilməsi deyil, birgə istehsal və investisiya layihələrinin artırılması vacibdir. Son illərdə avtomobil sənayesi, kənd təsərrüfatı, qida emalı, energetika, turizm, mədənçilik və digər sahələrdə layihələrin həyata keçirilməsi məhz bu məqsədə xidmət edir. Ticarətin davamlı artması üçün istehsal zəncirlərinin qarşılıqlı şəkildə qurulması mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın hazırkı əməkdaşlığı da məhz bu istiqamətdə inkişaf edir. Prezident İlham Əliyev qeyd edib: "Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, - yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, - əməkdaşlığın coğrafiyası genişlənib".
İki ölkənin yaratdığı Birgə İnvestisiya Fondu münasibətlərin iqtisadi mahiyyətini dəyişdirən mühüm mexanizmdir. 500 milyon dollarlıq kapitala malik fond vasitəsilə prioritet layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Bakı və Daşkənd əməkdaşlığı yalnız dövlət büdcələri və ayrı-ayrı şirkətlərin imkanları ilə məhdudlaşdırmaq istəmir. Burada əsas məqsəd sistemli investisiya mexanizmi yaratmaqdır. Fondun gələcəkdə üçüncü ölkələrdə birgə layihələrə sərmayə qoyması da mümkündür. Bu isə iki ölkənin regional iqtisadi təsir imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər".