Bakı-Daşkənd xətti Türk dünyasının strateji dayağına çevrilir- ÖZƏL
15:01 Siyasət" Azərbaycanla Özbəkistan arasında son dövrdə münasibətlərin yeni dinamika qazanması təsadüfi proses deyil. Bu, uzun illər ərzində formalaşmış qardaşlıq münasibətlərinin artıq daha konkret siyasi, iqtisadi və geosiyasi məzmunla zənginləşməsinin göstəricisidir. Prezident İlham Əliyevin Özbəkistana son dövlət səfəri fonunda əlaqələrin yeni mərhələyə keçməsi də bunu təsdiqləyir. Bu gün Bakı ilə Daşkənd arasındakı münasibətlər sadəcə ikitərəfli əməkdaşlıq deyil, daha geniş regional strategiyanın mühüm elementidir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Ən mühüm istiqamətlərdən biri iqtisadi və nəqliyyat əməkdaşlığıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çataraq üç dəfədən çox artması, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz yüksəlməsi əlaqələrin siyasi bəyanatlardan real iqtisadi nəticələrə keçdiyini göstərir. Eyni zamanda Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərində yerləşməsi, Azərbaycanın isə Xəzər və Cənubi Qafqaz üzərindən Türkiyə və Avropaya çıxış imkanları yaratması iki ölkəni bir-birini tamamlayan strateji tərəfdaşlara çevirir.
Burada Türk dünyası baxımından daha böyük mənzərəni görmək lazımdır. Azərbaycan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi bağlantıların möhkəmlənməsinə xidmət edir. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi və gələcəkdə Mərkəzi Asiyanın nəqliyyat layihələrinin Azərbaycan üzərindən Avropa istiqamətinə inteqrasiyası Türk dövlətləri arasında fiziki bağlantını gücləndirir. 2026-cı ilin ilk yarısında Özbəkistan-Azərbaycan tranzit daşımalarının da artması bu potensialın artıq praktik nəticələr verdiyini göstərir.
Məncə, ən vacib məqam budur ki, Türk dünyasının birliyi yalnız mədəni və emosional yaxınlıq üzərində qurula bilməz. Əsl güc iqtisadi inteqrasiya, nəqliyyat şəbəkələri, enerji əməkdaşlığı, rəqəmsal bağlantılar, investisiya və qarşılıqlı siyasi dəstəkdən yaranır. Azərbaycan və Özbəkistanın münasibətləri məhz bu istiqamətdə inkişaf edir və digər türk dövlətləri üçün də nümunəvi model formalaşdırır.
Bu baxımdan Bakı-Daşkənd xəttinin güclənməsi Türk dünyasının geosiyasi çəkisinin artması deməkdir. Çünki artıq söhbət yalnız "qardaş dövlətlərik" deməkdən yox, həmin qardaşlığı real layihələrə, iqtisadi imkanlara və regional təsir gücünə çevirməkdən gedir. Bu proses ardıcıl davam edərsə Azərbaycan və Özbəkistan Türk dünyasının qərb və mərkəz oxunu birləşdirən əsas strateji dayaqlardan birinə çevrilə bilər".
Zeynəb Mustafazadə