Azərbaycan–Özbəkistan əməkdaşlığı türk dövlətlərinin inteqrasiyasına töhfə verə bilər- ÖZƏL
14:59 Siyasət"Azərbaycan-Özbəkistan münasibətlərini Türk Dövlətləri Təşkilatından kənarda təsəvvür etmək artıq çətindir. İki ölkənin bu təşkilatda fəallığı türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsinə təsir edən əsas amillərdən biridir. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bakı Qərbə açılan qapılardan biridirsə, Daşkənd Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzidir. Bu iki nöqtənin daha sıx bağlanması Türk Dövlətləri Təşkilatının siyasi və mədəni birlikdən iqtisadi inteqrasiya platformasına çevrilməsinə də töhfə verə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Təbii ki, münasibətlərin yalnız dövlətlərarası səviyyədə inkişaf etməməsi də mühüm amildir. Mədəniyyət günləri, təhsil proqramları, qardaşlaşmış şəhərlər, media və QHT forumları iki cəmiyyət arasındakı əlaqələri genişləndirir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi və Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı bu əməkdaşlığın siyasi simvollarından birinə çevrilib. Eyni zamanda Bakı ilə Daşkənd arasında deyil, müxtəlif şəhərlər arasında da tərəfdaşlıq əlaqələrinin qurulması münasibətləri dövlət səviyyəsindən cəmiyyətlər səviyyəsinə keçirir. Bu, xüsusilə vacibdir. Çünki uzunmüddətli strateji tərəfdaşlığın davamlılığı yalnız hökumətlərarası əlaqələrdən deyil, xalqlar arasında formalaşan qarşılıqlı maraq və etimaddan da asılıdır. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü vəziyyətini qiymətləndirməklə yanaşı iki ölkənin gələcək əməkdaşlıq fəlsəfəsini ortaya qoyur.
Bakı və Daşkənd arasında artıq yüksək siyasi etimad mövcuddur. Bu etimad iqtisadi layihələr, nəqliyyat marşrutları, enerji əməkdaşlığı, humanitar əlaqələr və Türk dünyası çərçivəsində inteqrasiya ilə tamamlanır. Ən mühüm dəyişiklik isə Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin yeni mərhələyə keçməsidir. Azərbaycanın "C6" formatına daxil olması bu baxımdan simvolik deyil, strateji hadisədir. Azərbaycan artıq Mərkəzi Asiyanın xarici tərəfdaşı kimi deyil, onun regional əməkdaşlıq mexanizmlərinin iştirakçısı kimi çıxış edir. Bu prosesdə Özbəkistanın rolu xüsusilə böyükdür. Çünki Daşkənd həm Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzi, həm də Azərbaycanın regiona çıxışında əsas tərəfdaşlardan biridir".
Nəticədə Bakı-Daşkənd münasibətlərinin əhəmiyyəti ikitərəfli əlaqələrlə yanaşı Cənubi Qafqazla Mərkəzi Asiyanın bir-birinə daha sıx bağlanmasının, Orta Dəhlizin güclənməsinin və Türk dünyasında yeni siyasi-iqtisadi əlaqələr sisteminin formalaşmasının əsas sütunlarından birinə çevrilir. Bu mənada Azərbaycan-Özbəkistan müttəfiqliyinin gələcəyi təkcə iki ölkənin münasibətlərinin deyil, bütövlükdə Avrasiyanın dəyişən geosiyasi xəritəsinin mühüm elementlərindən biri olacaq".