“Əbədi dostluq haqqında Müqavilə” ortaq yaddaş və dəyişməz doğmalığın göstəricisidir- ÖZƏL

"Türk dünyasının böyük öndəri Heydər Əliyevin dövlətçilik siyasətinin davamı olaraq Azərbaycan türk dünyası ilə əlaqələrini tarixi köklər, milli-mənəvi dəyərlər və qarşılıqlı strateji maraqlar üzərində intensiv inkişaf etdirir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Özbəkistanla münasibətlər bu siyasətin mühüm və xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Liderlərin qətiyyətli siyasi iradəsi ilə formalaşan möhkəm dialoq, qarşılıqlı etimad və çoxşaxəli əməkdaşlıq iki qardaş ölkə arasındakı münasibətləri strateji tərəfdaşlığın yüksək səviyyəsinə yüksəldib. Azərbaycan Özbəkistan dostluğu və qardaşlığı əbədiyyətə qədər davam edəcək. Liderlərin imzası ilə ölkələrimiz arasında bağlanmış müqavilə dostluq və qardaşlığımızın dövlət səviyyəsində rəsmi təsdiqi oldu. Prezidentlərin siyasi iradəsi ilə soy-kökü, dini, qanı və mədəniyyəti eyni olan Azərbaycanla Özbəkistan arasında tarixdən gələn doğmalıq siyasi münasibətlərdə öz əksini tapdı. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" tarixdən gələn danılmaz həqiqəti bir daha təsdiqlədi. Bu sənəd iki ölkə arasındakı münasibətlərin mahiyyətini ifadə edən siyasi iradənin, Azərbaycanla Özbəkistanın yaxınlığını müəyyənləşdirən siyasi gündəlikdən əvvəl gələn ortaq yaddaş və dəyişməz doğmalığın göstəricisidir. Ortada olan bu danılmaz həqiqət fonunda qardaşlığın müqavilə ilə təsdiqlənməsi dünyada nadir rast gəlinən hadisədir. Çünki dövlətlər arasında müqavilələr imzalanır, münasibətlər hüquqi çərçivəyə salınır, lakin iki xalqın əsrlərdən gələn doğmalığının dövlət sənədində əbədiləşdirilməsi tamam başqa məna daşıyır. Azərbaycan Özbəkistan münasibətlərinin özünəməxsusluğu da məhz bundadır.

Prezident İlham Əliyevin sərəncamı ilə Şavkat Mirziyoyevin "Heydər Əliyev" ordeni, qardaş ölkənin liderinin isə dövlətimizin başçısını "Dostluq" ordeni ilə təltif etməsi iki xalq arasında qurulan münasibətlərin siyasi çərçivəni aşan mənəvi bağlara söykəndiyini göstərdi. Bu qarşılıqlı ehtiram Azərbaycan və Özbəkistan xalqlarına göstərilən etimadın, bir-birinə bəslənən səmimi münasibətin və tarixdən gələn doğmalığın ifadəsi kimi yadda qaldı. Bu, tarixdən gələn, tarixə çevrilən, günümüzün siyasi iradəsi ilə möhkəmlənən və gələcəyə uzanan qardaşlıq nümunəsi kimi dünyanın diqqətini özünə cəlb etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31