Laçının dirçəlişi Böyük Qayıdışın mühüm göstəricisidir-Özəl
14:00 Siyasət"Laçının azadlığı ilə yanaşı, onun sürətlə yenidən qurulması da Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir. 2022-ci il avqustun 26-da şəhərin nəzarətə götürülməsi bu quruculuq prosesinin siyasi və təhlükəsizlik baxımından əsasını möhkəmləndirdi. Prezident İlham Əliyevin Laçınla bağlı verdiyi müjdə şəhərin gələcəyi üçün yeni perspektivlər açdı. Həmin gün Zabux və Sus kəndlərinin də nəzarətə götürülməsi ərazidə sabitliyin təmin olunmasına mühüm töhfə verdi. Bu gün Laçın həm azadlığın, həm də Böyük Qayıdışın simvollarından biridir. "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının əməkdaşı Nəzirə Məmmədli deyib:
"Laçının iqtisadi potensialı onun gələcək inkişafı üçün geniş imkanlar yaradır. Rayonun təbii şəraiti heyvandarlığın və arıçılığın inkişafı üçün əlverişlidir. Ənənəvi olaraq meyvəçilik və taxılçılıq da yerli təsərrüfatın mühüm istiqamətləri olub. Digər kənd təsərrüfatı sahələrinin də müasir yanaşmalarla bərpası yeni iqtisadi imkanlar yarada bilər. Bu potensialın düzgün qiymətləndirilməsi Laçının regional iqtisadiyyatda mövqeyini daha da gücləndirəcək.
İşğal illərində Laçının bu potensialından yerli əhali istifadə edə bilmədi. Rayonun iqtisadi obyektləri dağıdıldı, təsərrüfat sistemi sıradan çıxarıldı və təbii sərvətlərdən qanunsuz istifadə edildi. Tarixi-mədəni irsə vurulan zərər də rayonun inkişaf imkanlarını məhdudlaşdırdı. Eyni zamanda əhalinin məcburi köçkün vəziyyətinə düşməsi sosial problemlərin uzun illər davam etməsinə səbəb oldu. İndi qarşıda duran əsas vəzifələrdən biri bütün bu fəsadların aradan qaldırılmasıdır.
Vətən müharibəsində əldə olunan Zəfər Laçının bərpasına yol açdı. 2020-ci ilin dekabrında rayonun Azərbaycana qaytarılması ilə bərpa işlərinin başlanması üçün hüquqi və siyasi imkanlar yarandı. Daha sonra şəhərin təhlükəsizliyinin təmin edilməsi və infrastruktur layihələrinin hazırlanması istiqamətində tədbirlər görüldü. 2022-ci ilin avqustunda şəhər və ətraf kəndlər üzərində nəzarətin təmin edilməsi bu prosesi sürətləndirdi. Beləliklə, Laçın azad edilmiş ərazidən sürətlə inkişaf edən yaşayış məkanına çevrilməyə başladı.
Böyük Qayıdışın Laçında uğurla davam etməsi görülən işlərin əsas nəticələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə insanların rahat yaşaması üçün müasir şərait yaradılır. Ailələrin köçürülməsi ilə yanaşı, iş yerlərinin açılması və iqtisadi fəallığın artırılması istiqamətində də addımlar atılır. Laçının təbii imkanları turizm və kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş perspektivlər vəd edir. Bu baxımdan Laçının dirçəlişi həm doğma yurda qayıdışın, həm də Azərbaycanın yeni inkişaf modelinin nümunəsidir".