Energetika, nəqliyyat və sənaye: Azərbaycanla Özbəkistan arasında çoxşaxəli birgə layihələr
13:17 SiyasətAzərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mövcud olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri real iqtisadi layihələrlə, səmərəli sənaye kooperasiyası və nəqliyyat-energetika sahəsindəki genişmiqyaslı əməkdaşlıqla zənginləşməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana reallaşan dövlət səfəri iki ölkə arasında iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən birgə layihələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha sübut etdi. Hər iki dövlətin həyata keçirdiyi səmərəli inkişaf kursu Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda vahid geoiqtisadi məkanın formalaşmasına və tərəfdaşlığın coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsinə xidmət edir.
Energetika sektoru Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərində xüsusi strateji çəkiyə malikdir. İki ölkə neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin icrasında artıq son mərhələdədir və növbəti ildən etibarən istismar quyularının qazılmasına başlanılması planlaşdırılır. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Özbəkistanın pərakəndə satış bazarına daxil olması energetika sahəsindəki birgə fəaliyyətin praktiki müstəviyə keçdiyini nümayiş etdirir. Nəqliyyat-logistika sahəsində isə hər iki ölkə Orta Dəhlizin imkanlarından maksimum yararlanmaq, Mərkəzi Asiya ilə Azərbaycanın tranzit potensialını birgə inkişaf etdirmək və yükdaşımaların həcmini artırmaq istiqamətində sıx koordinasiyalı fəaliyyət göstərir.
Sənaye, kənd təsərrüfatı və maliyyə-bank sektorlarında icra edilən layihələr də iki ölkə arasında bənzərsiz bir iqtisadi sinerji yaradır. Avtomobil sənayesi, dağ-mədən sektoru, kənd təsərrüfatı məhsullarının emalı, eləcə də Azərbaycanın aparıcı bankının Özbəkistan maliyyə bazarına daxil olması tərəfdaşlığın çoxşaxəli xarakterini sübut edir. Üçdə biri artıq konkret layihələrlə təmin olunmuş Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyəti və təşkil olunan regionlararası əməkdaşlıq forumları milyardlarla dollarlıq investisiya potensialını reallaşdırmağa zəmin yaradır. Bu birgə layihələr ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard dollar həddinə çatdırılması hədəfini tamamilə əlçatan edir.
Özbəkistanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpasında iştirakı və regiona yatırdığı ilk böyük investisiyalar də iki qardaş ölkənin sənaye və sosial sahədəki tərəfdaşlığının bariz nümunəsidir. Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinin istifadəyə verilməsi azad olunmuş torpaqlara qoyulan ilk böyük xarici investisiya layihələri kimi xüsusi qiymətləndirilir.
Niftiyev Nizami
Suraxanı rayon 196 saylı tam orta ümumtəhsil məktəbinin direktoru