Doğma yurda qayıdışın ünvanı: Laçın- ÖZƏL
11:41 SiyasətLaçının adı Azərbaycan xalqının yaddaşında həm ağrılı xatirələr, həm də böyük qələbə ilə bağlıdır. 1992-ci ildə işğala məruz qalan rayon uzun illər ərzində öz sakinlərindən ayrı qaldı. 2020-ci ildə əldə edilən Zəfər Laçının azadlığı üçün tarixi imkan yaratdı. 2022-ci il avqustun 26-da isə Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə götürülməsi bu prosesin mühüm mərhələsinə çevrildi. Prezident İlham Əliyevin elan etdiyi bu müjdə xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.
Laçının işğalı Azərbaycanın müstəqilliyinin ilk illərində yaranmış mürəkkəb siyasi şəraitlə sıx bağlı idi. Ölkə daxilində hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi dövlətin müdafiə imkanlarına mənfi təsir göstərirdi. Cəbhə bölgələrində vəziyyətin ağırlaşdığı bir vaxtda hərbi qüvvələrin başqa istiqamətlərə yönəldilməsi ciddi problemlər yaratmışdı. 1992-ci ilin mayında hakimiyyət dəyişikliyindən az sonra Laçının işğal edilməsi həmin dövrün idarəçilik böhranının ağır nəticələrindən biri oldu. Sonrakı illərdə işğal olunmuş ərazilərin azad edilməsinə dair verilən vədlər də real nəticə ilə tamamlanmadı.
İşğal nəticəsində Laçın rayonunun sosial və iqtisadi həyatına böyük zərbə vuruldu. Əhalinin doğma yurdlarından zorla çıxarılması ciddi humanitar fəsadlara səbəb oldu. Rayon ərazisində yüzlərlə sosial obyektin və istehsal müəssisəsinin dağıdılması iqtisadi fəaliyyətin tamamilə dayanmasına gətirib çıxardı. Tarixi və mədəni abidələrin məhv edilməsi isə Azərbaycan irsinə qarşı vandalizmin göstəricisi idi. Laçının təbii sərvətlərinin qanunsuz istifadəsi və talan edilməsi də işğalın yaratdığı ağır nəticələr sırasında yer aldı.
Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlər rayonun demoqrafik və coğrafi simasına müdaxilə məqsədi daşıyırdı. Coğrafi adların dəyişdirilməsi və müxtəlif ərazilərdə məqsədli məskunlaşdırmanın aparılması belə siyasətin elementlərindən idi. Xaricdən gətirilən erməni əsilli şəxslərin Laçında yerləşdirilməsi də Azərbaycanın mövqeyinə görə beynəlxalq hüququn prinsiplərinə zidd addımlar sırasında qiymətləndirilir. Bu proseslər işğal altında olan ərazilərin süni şəkildə yeni reallıqlara uyğunlaşdırılmasına hesablanmışdı. Buna baxmayaraq, Laçının Azərbaycan xalqının tarixi yaddaşındakı yeri və hüquqi statusu dəyişmədi.
Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə bu tarixi ədalətsizliyə son qoymaq üçün həlledici oldu. 2020-ci il dekabrın 1-də Laçın rayonu üçtərəfli Bəyanatın tələblərinə uyğun şəkildə Azərbaycana qaytarıldı. Güləbird, Səfiyan və Türklər kəndləri isə noyabrın 9-da hərbi əməliyyatlar nəticəsində azad edilmişdi. Sonrakı iki il ərzində rayonun təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görüldü. Nəhayət, 2022-ci il avqustun 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə yeni mərhələ başladı.
Bu gün Laçında aparılan genişmiqyaslı bərpa işləri dövlətimizin gücünü və imkanlarını nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə müasir yaşayış binaları, sosial obyektlər və infrastruktur yaradılır. Quruculuq prosesinin əsas məqsədi Laçını insanların rahat yaşayacağı, işləyəcəyi və gələcək quracağı müasir şəhərə çevirməkdir. Şəhərin təbii landşaftı və dağlıq relyefi nəzərə alınmaqla həyata keçirilən layihələr Laçının özünəməxsus simasının qorunmasına xidmət edir. Görülən işlər nəticəsində vaxtilə dağıdılmış şəhər qısa müddətdə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Böyük Qayıdış çərçivəsində laçınlıların mərhələli şəkildə öz doğma yurdlarına köçürülməsi Zəfərin ən mühüm mənəvi nəticələrindəndir. İllərlə həsrətlə gözlənilən qayıdış bu gün real həyat hadisəsinə çevrilib. Yeni iş yerlərinin yaradılması və iqtisadi fəaliyyətin genişləndirilməsi şəhərin davamlı inkişafını təmin edən amillərdəndir. Laçının kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və turizm imkanlarının dirçəldilməsi rayonun gələcək iqtisadi potensialını artıracaq. 26 avqust isə bundan sonra da Azərbaycan xalqının yaddaşında Laçının azadlığını, dirçəlişini və doğma yurda qayıdışını ifadə edən mühüm tarix kimi yaşayacaq.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini