Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə uzanan strateji tərəfdaşlıq- ÖZƏL

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlıq perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Müsahibədə iki qardaş ölkə arasında əlaqələrin yalnız dövlətlərarası münasibətlər səviyyəsində deyil, xalqlarımızın ortaq tarixi, mədəniyyəti, dili və mənəvi dəyərləri üzərində formalaşan hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olduğu xüsusi vurğulanır". YAP rayon təşkilatından "Olaylar"a bildirilib ki, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən tarixi və mənəvi bağlar əsrlərin sınağından keçib. Ortaq türk kökləri, zəngin mədəni irs, dil və adət-ənənələr iki xalq arasında qarşılıqlı rəğbət və qardaşlıq münasibətlərinin möhkəm təməlini təşkil edir. Məhz bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası əlaqələr son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının siyasi iradəsi və qətiyyətli mövqeyi Azərbaycan-Özbəkistan münasibətlərinin yeni məzmun qazanmasına, əlaqələrin bütün istiqamətlər üzrə genişlənməsinə mühüm təkan verib.
Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin institusional və hüquqi əsaslarını daha da möhkəmləndirib. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər, xüsusilə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün möhkəm hüquqi və siyasi baza yaradıb.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının mühüm institusional mexanizminə çevrilib. Şuranın Daşkənddə və Bakıda keçirilən iclasları ölkələr arasında siyasi dialoqun ardıcıl xarakter daşıdığını və əməkdaşlığın uzunmüddətli perspektivlərə hesablandığını nümayiş etdirir.
Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin sürətli artımı iqtisadi əlaqələrin inkişaf dinamikasını aydın göstərir. 2025-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin yanvar-may aylarında isə 33 faiz artımla 144 milyon dollar təşkil etməsi iqtisadi əməkdaşlığın geniş potensialından xəbər verir.
İnvestisiya sahəsində də mühüm layihələr həyata keçirilir. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində perspektivli layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi baxımından mühüm platformadır. Eyni zamanda, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi qarşılıqlı etimadın və əlverişli investisiya mühitinin göstəricisidir. Azərbaycan şirkətləri də Özbəkistanda müxtəlif layihələr həyata keçirirlər. Daşkənddə "The Ritz-Carlton" brendi altında hotel və yaşayış kompleksinin, həmçinin "Sea Breeze Uzbekistan" turizm və yaşayış kompleksinin inşası iqtisadi tərəfdaşlığın perspektivlərini nümayiş etdirən nümunələrdəndir.
Energetika və yaşıl enerji sahələrində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. SOCAR ilə Özbəkistanın enerji şirkətləri arasında həyata keçirilən birgə layihələr neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsinə xidmət edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən "Yaşıl Dəhliz Birliyi"nin yaradılması isə bərpaolunan enerjinin istehsalı və ixracı baxımından yeni imkanlar açır. Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsü ölkələrin enerji potensialının birləşdirilməsi ilə yanaşı, Xəzər dənizi üzərindən Avropaya enerji ixracının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika sahəsi Azərbaycan-Özbəkistan əməkdaşlığının digər mühüm istiqamətidir. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malikdir. Bu amil iki ölkəni Şərqlə Qərbi birləşdirən marşrutlarda təbii tərəfdaşlara çevirir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin yanvar-iyun aylarında isə daha 12,2 faiz artımın qeydə alınması nəqliyyat əlaqələrinin getdikcə genişləndiyini göstərir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası regionda yeni iqtisadi və tranzit imkanlarının formalaşmasına mühüm töhfə verə bilər.
Azərbaycan-Özbəkistan münasibətlərinin güclənməsində mədəni-humanitar əməkdaşlığın da xüsusi rolu vardır. Ortaq tarix və mədəniyyətə əsaslanan bu əlaqələr xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Özbəkistanda keçirilən qarşılıqlı mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi və təhsil layihələri iki ölkənin humanitar gündəliyini zənginləşdirir.
Özbəkistanın təşəbbüsü ilə Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəb və işğaldan azad edilmiş Füzuli rayonunda salınan 100 hektarlıq "Dostluq bağı" Azərbaycan xalqının yüksək qiymətləndirdiyi qardaşlıq nümunələridir. Eyni zamanda, Bakının mərkəzində yaradılacaq "Özbəkistan" parkı iki xalqın dostluğunun və qardaşlığının daha bir rəmzinə çevriləcək.
Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin müasir mərhələsinin mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu münasibətlər tarixi və mədəni yaxınlıqdan siyasi müttəfiqliyə, iqtisadi tərəfdaşlıqdan regional əməkdaşlığa qədər geniş bir məzmun kəsb edir.
Azərbaycan və Özbəkistanın qarşılıqlı səyləri yalnız iki qardaş xalqın rifahına deyil, Türk dünyasının birliyinin möhkəmləndirilməsinə, regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına da mühüm töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31