Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi- ÖZƏL

"İki qardaş xalq arasında iqtisadi münasibətlər qədər mühüm başqa bir xətt də elm və ədəbiyyat üzərindən formalaşıb". "Olaylar" xəbər verir ki, bunu Milli məclisin deputatı Tahir Mirkişili deyib: "Özbək klassik ədəbiyyatının ən böyük simalarından olan Əlişir Nəvai Nizami Gəncəvinin yaratdığı ədəbi məktəbdən ciddi şəkildə təsirlənib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Nəvainin Nizamini "şairlərin şahı" adlandırdığını və onun yaradıcılığından ilham aldığını xüsusi vurğulayıb.

Burada söhbət sadəcə iki böyük şair arasındakı ədəbi bənzərlikdən getmir. Nizaminin yaratdığı "Xəmsə" modeli sonrakı əsrlərdə böyük bir intellektual coğrafiya formalaşdırdı və Nəvai bu ənənəni türk dilində yeni mərhələyə qaldırdı. Beləliklə, Gəncədən başlayan fikir məktəbinin Herat və Mərkəzi Asiyada yeni ədəbi forma qazanması Azərbaycan-Özbəkistan münasibətlərinin ən qədim və ən dəyərli intellektual körpülərindən biridir.

Bu irsin Özbəkistanda necə dərin kök saldığını göstərən başqa maraqlı fakt da var. Daşkənddə 1935-ci ildə yaradılmış pedaqoji ali məktəbə hələ 1947-ci ildə Nizami Gəncəvinin adı verilib. Bu gün həmin universitet Özbəkistanın böyük elm və təhsil mərkəzlərindən biridir. Yəni Nizami Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasından təxminən yarım əsr əvvəl Özbəkistanda institusional mədəni simvola çevrilmişdi.

Bir də daha dərin, elmi bir xətt var. XIII əsrdə Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanasının elmi ənənəsi XV əsrdə Uluqbəyin Səmərqənd rəsədxanasına təsir göstərib. Cambridge mənbələri Səmərqənd rəsədxanasının Marağa məktəbinin davamçılarından biri olduğunu xüsusi qeyd edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31