Prezident İlham Əliyevin Özbəkistana səfəri Mərkəzi Asiya dövlətləri ilə münasibətlərdə yeni səhifə açacaq- ÖZƏL

"Tarixin ənginliklərindən gələn zəngin dövlətçilik ənənələrinə malik qardaş Özbəkistan əlverişli, həssas strateji mövqeyi, sürətlə artan əhalisi,  kommunikasiyaları, yenilikləri, müasir texnologiyaları bacarıqla tətbiq etməsi ilə gələcəyi parlaq olan bir ölkədir. Özbəkistan ərazisində qədim tarix və müasirlik qovuşur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Hələ XX əsrin 80-ci illərinin sonlarına yaxın şəraitlə bağlı məsələlər Sov.İKP MK Siyasi Bürosunda müzakirə edilərkən belə bir fikir səsləndirilmişdi ki, Orta Asiyanın vacib respublikası olan Özbəkistanın partlaması bütün regionun partlamasına gətirə bilər. "Partlayış" baş verdi, ancaq Özbəkistan deyil, sovet imperiyası partladı, dağıldı, yeni müstəqil Özbəkistan Respublikası və digər qardaş türk dövlətləri yarandı. 
        
 Qardaş ölkəyə səfəri ərəfəsində cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi  ikitərəfli, türk dünyası və regional münasibətlər baxımından əhəmiyyətlidir. Gələcəyimizə bir daha işıq tutur. Ortaq tarixə, mədəniyyətə, dil, mənəvi dəyərlərə, birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanan Azərbaycan -Özbəkistan münasibətlərinin bünövrəsi sarsılmazdır.  Bu işdə birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər, təhsil proqramları və media xüsusi rol oynayır. Özbək qardaşlarımızla rahat bir şəkildə ana dilimizdə ünsiyyət qura bilirik. 
      
Son illərdə münasibətlər  müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun kəsb edib. Münasibətlərin bu səviyyəyə çatması prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin  bilavasitə şəxsiyyəti amili, fəaliyyətləri ilə bağlıdır.  Onların səmimi dostluğu, qarşılıqlı hörməti və etimadı qardaşlığın möhkəmlənməsində və müttəfiqliyin inkişafında xüsusi rol oynayır. Münasibətlərin müqavilə-hüquq bazası yaradılıb və daim zənginləşdirilir. Qarşılıqlı münasibətlərin maddi təməlləri möhkəmdir. Ticarət dövriyyəsi,  tranzit daşımaları artır və birgə layihələr həyata keçirilir.
         Ölkə rəhbərinin dediyi kimi, Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir.  Cənab Prezidentin  tarixi və mədəni yaxınlığı, ortaq mənəvi dəyərləri Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməli olduğunu vurğulaması da dədə-babalarımızdan bizə miras qalan irsə sahib çıxmağın və onu yaşatmağın vacibliyini göstərir.
         Azərbaycanın türk dünyası ilə əlaqələrinin kökləri möhkəm və sağlamdır. Köklərimizə sıx bağlı olaraq müasirləşəndə yenilməz oluruq. Ona görə də cənab Prezident İlham Əliyevin qardaş Özbəkistana rəsmi səfəri təkcə ikitərəfli deyil, sabahı bu günündən daha gözəl olacaq türk dünyası və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərdə yeni səhifə açacaqdır..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31