Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP-lə inteqrasiyası yeni tranzit imkanları yaradacaq-Özəl

Azərbaycan-Özbəkistan siyasi münasibətləri iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşməkdədir. Tərəflər arasında iqtisadi bağlantıları təşviq edən, biznes təşəbbüslərini dəstəkləyən maliyyə platforması olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti sərmayə layihələrinin icrasında dayanıqlı institut kimi çıxış edir, Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramiq Namazov deyib: "İndiyə qədər Komissiyanın 15 iclası keçirilib ki, bu təsisat qeyd edilən sahədə əməkdaşlığın irəliyə doğru aparılmasında institusional və əlaqələndirici fəaliyyəti ilə töhfə verir. Bu ardıcıl fəaliyyətin nəticəsidir ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi durmadan hər il yüksəlir, 2025-ci ildə əmtəə mübadiləsi əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Bu rəqəmlər çox yüksək göstəricidir və iqtisadi dövriyyələri daha da artırmağa güclü stimul verir.

Yeri gəlmişkən, iki ölkə arasında tranzit daşımalarında müşahidə olunan artımlar da iqtisadi mübadilələrin həcmini artırır. 2025-ci ildə daşımaların həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, bu ilin yanvar-iyun aylarında isə 12,2 faizlik artımla 675 min ton daşınma göstəricisinin qeydə alınması Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm coğrafi mövqeyini, Orta Dəhlizdə strateji yerini əks etdirir, Şərqlə Qərbi birləşdirən kommunikasiya qovşağına çevrildiyini göstərir.

Yaxın vaxtlarda gerçəkləşəcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP-lə inteqrasiyası isə bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Həmin layihələr Türk dünyasının vahidliyi üçün də önəm daşıyır, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edən ölkələr, o cümlədən Azərbaycan və Özbəkistanın qardaş dövlətlərlə birgə enerji-nəqliyyat bağlantılarını gücləndirəcək, bölgədə yeni inteqrasiya formatı quracaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31