Qardaşlıqdan əbədi dostluğa-Özəl
13:59 SiyasətQardaşlıq dostluğa necə çevrilir? Xalqların və dövlətlərin həyatında böyük tarixlər necə yaradılır? Onu kimlər yaradırlar?
Qardaşlar bəzən dost olmurlar. Bəzən də qurulan möhkəm dostluq münasibətləri kökləri bir olmasa da, qardaşlığa bənzəyir. Kökləri eyni olan xalqların və ölkələrin bir-biri ilə müharibə etməsinə, döyüşməsinə dair tarixdən və günümüzdən misallar gətirmək olar. Lakin qardaşlar dost olanda heç vaxt hərb, siyasət və diplomatiya meydanlarında qarşı-qarşıya gəlmirlər. Onların qarşılaşdıqları yer yalnız idman meydanları olur.
Yuxarıdakı sualların cavabını cənab Prezident İlham Əliyevin qardaş Özbəkistana dövlət səfəri bir daha verdi. Xəyallara gəlməyənlər Prezident İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Əbədi dostluq haqqında müqaviləni imzalamaları ilə gerçək oldu.
Prezident Şavkat Mirziyoyev bəyanatında dediyi aşağıdakı sözlər səfərin tarixi əhəmiyyətini ifadə edir: "Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri mübaliğəsiz tarixi əhəmiyyət daşıyır. Biz bu barədə bu gün dəfələrlə danışdıq, çünki imzaladığımız bütün sənədlər, razılaşdığımız bütün məsələlər ikitərəfli əməkdaşlıq üçün tarixi hadisələrdir. Bu gün biz Əbədi dostluq haqqında Müqavilə imzaladıq."
Kökləri minilliklərə gedən qardaşların Əbədi dostluğuna dair imzalanan sənəd günümüzün xoş gerçəkliyi, gələcək uğurlarımızın təməlidir...
Qardaş qardaşın uğuruna sevinər. Prezident Şavkat Mirziyoyevin "Özbəkistanda qardaş Azərbaycanın hər bir uğuruna, onun davamlı iqtisadi inkişafına və artan beynəlxalq nüfuzuna həmişə səmimi-qəlbdən sevinirik. İlham Heydər oğlunun siyasi kursunun məqsədyönlülüyünü xüsusilə qeyd etmək istərdim. Bu kurs sayəsində ölkənin bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülhə və sabitliyə nail olmaq mümkün olub. Qədim Qarabağ torpağı yenidən dirçəlir. Burada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir" sözləri qardaş sevincinin bölüşdürlüməsidir.
Bu fikirlər təkcə qardaşın uğuruna sevinmək deyildir, eyni zamanda Azərbaycan xalqının tarixində və taleyində Prezident İlham Əliyev şəxsiyyətinin və siyasətinin necə böyük rol oynadığını təsdiqləyir.
Xalqların və dövlətlərin həyatında böyük tarixlər belə yaradılır. Böyük tarixləri yaratmağı yalnız böyük tarixi şəxsiyyətlər bacarırlar. Yazanların və şərh edənlərin borcu isə onu olduğu kimi çatdırmaqdır...
Musa Qasımlı
Milli Məclis sədrinin müavini