“Özbək televiziya kanalları Azərbaycanda sərbəst yayımlanmalıdır” – Ekspert- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri göstərdi ki, iki türk dövləti arasında münasibətləri son illərin ən yüksək mərhələsinə çatıb."Bunu Olaylar.az-a açıqlamasında siyasi təhlilçi Elman Cəfərli deyib. Onun sözlərinə görə, iki ölkə artıq strateji tərəfdaşlıqdan müttəfiqliyə keçib.
"Avqustun 23-də bu münasibətlərin siyasi əsasını daha da möhkəmləndirən "Əbədi dostluq haqqında Müqavilə" imzalandı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev münasibətlərin tarixdə görünməmiş yüksək səviyyəyə çatdığını bildirdi. İki ölkəni yaxınlaşdıran əsas amillər dil, mədəniyyət, adət-ənənə və tarixi bağlarla yanaşı, qarşılıqlı geosiyasi və iqtisadi maraqlardır. Azərbaycan Cənubi Qafqaz, Xəzər və Avropa istiqamətində, Özbəkistan isə Mərkəzi Asiyada mühüm regional mövqeyə malikdir. Bu baxımdan Bakı və Daşkənd bir-birini tamamlayan regional tərəfdaşlar kimi çıxış edir. Orta Dəhliz Azərbaycan üçün Mərkəzi Asiya ilə Avropanı birləşdirən mühüm geoiqtisadi layihədir. Özbəkistanın Orta Dəhlizə qoşulması  Azərbaycanın tranzit və logistika imkanlarını daha da genişləndirə bilər. Dənizə çıxışı olmayan Özbəkistan Azərbaycan və Xəzər üzərindən Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını artırmaqda maraqlıdır"-deyə, E.Cəfərli bildirib. Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin Özbəkistanda bank, sənaye, enerji, təhsil, tikinti, turizm və digər sahələrdə layihələr həyata keçirməsi iqtisadi əlaqələrin dərinləşdiyini göstərir. 
İki ölkə arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan E. Cəfərli bildirib ki, xalqlarımız arasındakı yaxınlığın daha da möhkəmləndirilməsi üçün müxtəlif mədəni layihələrin həyata keçirilməsi zəruridir.
"Prezident İlham Əliyev 22 iyun 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı Xivədə keçirilən qəbulda "Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır" demişdi. Özbəklər Turanın ən mədəni və qədim xalqlarından biridir. Azərbaycanla Özbəkistan arasında mənəvi və mədəni əlaqələr hər zaman güclü olub. Xalqlarımız arasındakı yaxınlığı və ünsiyyəti daha da möhkəmləndirmək, bu əlaqələri dayanıqlı və davamlı etmək üçün özbək televiziya kanallarının Azərbaycanda yayımının təşkilinə ehtiyac var.
Özbək serialları Azərbaycan televiziyalarında yayımlanmalı, Bakıda və Gəncədə özbək şair və yazıçılarının kitab sərgiləri təşkil olunmalıdır. İnanıram ki, belə mədəni layihələr genişləndikcə, qısa müddət ərzində Azərbaycan türkcəsi ilə özbək dili arasında ünsiyyət və qarşılıqlı anlaşma daha da asanlaşacaq. Hətta gələcəkdə başqa bir ünsiyyət dilinə ehtiyac olmadan bir-birimizi daha rahat anlaya biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31