Azərbaycan və Özbəkistan dostluğu Türk dünyasının inkişaf prosesinin tərkib hissəsidir- ÖZƏL

"Azərbaycan və Özbəkistanın münasibətlərini Türk dünyasının ümumi inkişaf prosesinin tərkib hissəsidir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvüdür və təşkilatın siyasi, iqtisadi və humanitar potensialının gücləndirilməsində mühüm rol oynayır. Azərbaycanın TDT çərçivəsində nəqliyyat və logistika imkanları, Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi və demoqrafik potensialı bir-birini tamamlayır. Bu iki ölkənin daha sıx əməkdaşlığı Türk dünyasının Şərqlə Qərb arasında iqtisadi əlaqələrinin möhkəmlənməsinə də xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: 

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakı regionlararası əlaqələr baxımından mühüm hadisədir. Əvvəllər "C5" formatında bir araya gələn Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq mexanizminə Azərbaycanın qoşulması faktiki olaraq "C6" formatının yaranmasına səbəb olub. Bu faktor Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi və iqtisadi əlaqələrin daha sistemli xarakter alması deməkdir. Azərbaycanın bu platformada iştirakı Xəzər dənizinin iki sahilində yerləşən regionların bir-birinə daha sıx əlaqələnməsinə imkan verir. Nəqliyyat dəhlizləri, enerji, ticarət, investisiya və humanitar əlaqələr bu yeni regional əməkdaşlığın əsas amilidir.

Azərbaycan və Özbəkistan münasibətlərinin hazırkı səviyyəsi gələcək üçün kifayət qədər geniş imkanlar yaradır. Ticarət dövriyyəsinin daha da artırılması, yeni sənaye müəssisələrinin yaradılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması, nəqliyyat əlaqələrinin gücləndirilməsi və turizm əlaqələrinin inkişaf etdirilməsi qarşıdakı dövrün əsas istiqamətləri olacaqdır. Bununla yanaşı, təhsil, elm, media, mədəniyyət və gənclər arasında əlaqələrin genişləndirilməsi siyasi və iqtisadi tərəfdaşlığın sosial bazasını daha da gücləndirəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31