Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş regional inteqrasiyaya xidmət edir- ÖZƏL
09:34 Siyasət"Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının inteqrasiyası baxımından da mühüm strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı siyasi, iqtisadi, nəqliyyat, təhsil və mədəni-humanitar istiqamətlərdə inteqrasiyanın dərinləşməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Münasibətlər humanitar sahədə də inkişaf etməkdədir. Azərbaycan və Özbəkistanda keçirilən qarşılıqlı mədəniyyət günləri, Şuşa Günləri, elmi və ədəbi tədbirlər xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.
Təhsil sahəsində əməkdaşlıq bu humanitar işbirliyinin davamlılığını təmin edən mühüm istiqamətlərdəndir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki ölkənin qardaşlığının ən uğurlu nümunələrindən biridir. Bu layihə həm də qardaş ölkənin işğaldan azad edilmiş ərazilərin bərpasına göstərdiyi mənəvi və praktiki dəstəyin ifadəsidir.
Cənab Prezident müsahibədə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafına da xüsusi yer ayırıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin regionla münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu proses Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında təbii bağlantı rolunu oynayır. Xəzər dənizi isə bu iki regionu birləşdirən mühüm coğrafi körpüdür. Nəticədə Azərbaycan-Özbəkistan əməkdaşlığı daha geniş regional inteqrasiyaya xidmət edir".