Türk dövləri arasında əməkdaşlıq yeni məhrələyə keçir- ÖZƏL

"Türk Dövlətləri Təşkilatları (TDT) yaranarkən əvvəlcə mədəni, humanitar əməkdaşlıq əsas götürülmüşdü. Sonradan bu əlaqələr xeyli dərinləşərək bir çox sahələri əhatə etdi". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Əvvəlki yazılarımda qeyd etmişdim ki, 2020-ci ildə Azərbaycanın 44 günlük  Vətən müharibəsində qazandığı tarixi qələbəsindən sonra Mərkəzi Asiya Respublikarında   oyanış prosesi başladı.  Bu tarixi zərurətdən yaranan məntiqli proses idi. Çünki regionun başının üstünü əsrlərlə almış çarizm, imperiya təpkiləri siyasəti, mifi tədricən dağılmağa başladı.

Onu da qeyd etmək lazımdır ki,  bu gün ortaq köklərə, dil, mədəni yaxınlıq, əsrlər boyu formalaşmış dəyərlər sistemi qorunub möhkəmlənir. Amma əməkdaşlıq yeni bir məhrələyə keçir. Bu gün dünya üçün prioritet təşkil edən iqtisadi əməkdaşlıq, təhlükəsizlik Türk dövlətləri üçün əsas hədəflərdən biridir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Özbəkistana səfəri zamanı imzalanmış sənədlər bunu bir daha təsdiqləyir. Azərbaycanla Özbəkistan arasında imzalanmış bir çox sənədlərlə bərabər "İnvestisiyalar və Ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı"(Yol Xəritəsi) xüsusi əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, Özbəkistan işğaldan azad olunmuş Azərbaycan ərazilərinə sərmayə ayıran ilk Türk dövlətlərindən biridir. Bu müsbət tendensiya digər ölkələr üçün də çox yaxşı örnəkdir.
 
Praqmatik və qeyri sabit olan dünyanın hədəfləri bu gün bəllidir. Bu da ondan ibarətdir ki, iqtisadi əməkdaşlığın kifayət qədər dərinləşməsi  və təhlükəsizlik məsələlərinin önə çıxarılmasıdır. Məhz belə məqamda digər Mərkəzi Asiya Respublikalarının da belə təcrübədən faydalanacaqları gözləniləndir. 

Təbii ki, Azərbaycan və Türkiyə belə əməkdaşlıq modellərinin dərinləşməsində öz töhfəsini verəcək.  Çox müsbət haldır ki, Türk dövlərinin bu əməkdaşlığında  böyük qardaş anlayışı yoxdur. Qarşılıqlı hörmətə əsaslanan, iqtisadi maraqları təmin edəcək, strateji hədəflərə istiqamətlənmiş bu mexanizm Türk Dövlətləri Təşkilatı üçün səmərəli olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31