Azərbaycan və Özbəkistan: Bir millət, iki dövlət - ÖZƏL
16:04 Siyasət"Prezident İlham Əliyevin qardaş Özbəkistana növbəti dövlət səfəri yenə də xüsusi təmtəraq və yüksək səviyyəli təşkilatçılıqla fərqlənir. Prezident hələ Özbəkistana çatmamışdan bir neçə gün əvvəl, xüsusilə Daşkənddə səfərlə bağlı yüksək səviyyəli hazırlıqlar başlamışdı. Özbəkistanda artıq hər kəs Azərbaycan Prezidentinin gəlişini böyük həvəslə gözləyirdi."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Bu gün Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə qardaş ölkəyə səfər edib. Daşkənddə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Azərbaycan Prezidentini qarşılayıblar və səfərin ilk anlarından etibarən yüksək ehtiram nümayiş etdirilib.
Əslində, Özbəkistanda Azərbaycan Prezidenti xarici ölkənin rəhbəri kimi deyil, doğma bir insan, ailədən biri kimi qəbul edilərək qarşılanıb. Bu da təsadüfi deyil. Çünki Özbəkistanla Azərbaycan bütün mənalarda bir-birinə yaxın, ortaq və doğma ölkələrdir.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl Özbəkistan Milli Xəbər Agentliyinə verdiyi müsahibəsində də qeyd etdiyi kimi, bizim ortaq tariximiz, ortaq mənəvi dəyərlərimiz, mədəni keçmişimiz, dilimiz və bizi bir-birimizə bağlayan çoxsaylı ortaq dəyərlərimiz var. Bütün bunlar Azərbaycan və Özbəkistan xalqlarını daha da yaxınlaşdırır.
Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana səfərini yüksək qiymətləndirmək olar. Səfər hələ yeni başlayıb və artıq ilk xəbərlər də gəlməkdədir. Həm Özbəkistan Prezidentinin, həm Azərbaycan Prezidentinin mətbuat xidmətləri, həm də səfəri müşayiət edən media nümayəndələri geniş şəkildə məlumatlar yayırlar. Gələn xəbərlərin ümumi ovqatı müsbətdir. Həqiqətən də səfərin yüksək səviyyədə təşkil olunduğu açıq şəkildə görünür.
Burada əsas məqamlardan biri də Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlıq münasibətləridir. Biz qardaşıq, tərəfdaşıq və tarixi-mədəni baxımdan bir-birimizə çox yaxınıq. Azərbaycanla Özbəkistanı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər münasibətlərimizin möhkəm təməlini təşkil edir.
Necə ki, qardaş Türkiyə ilə münasibətlərimizi "bir millət, iki dövlət" ifadəsi ilə xarakterizə edirik, Özbəkistanla münasibətlərimizdə də xalqlarımızın tarixi və milli yaxınlığını xüsusi qeyd etmək lazımdır. Bizim üçün hər bir türk dövləti, o cümlədən qədim və zəngin dövlətçilik ənənələrinə malik qüdrətli Özbəkistan çox dəyərlidir.
Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da inkişafına, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda, bu səfər Türk dünyasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır."
İbrahim Məmmədli