Böyük Britaniya Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpası təşəbbüslərini dəstəkləməyə hazırdır – səfir
11:58 SiyasətBöyük Britaniya Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasına yönəlmiş təşəbbüslərin praktiki həyata keçirilməsini dəstəkləməyə hazırdır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən mətbuat konfransında bildirib.
"Azərbaycan və Ermənistan hər iki tərəf arasında dialoq və ardıcıl qarşılıqlı fəaliyyətə əsaslanan uzunmüddətli sülh yolundadır. Bu, bütün regionda ticarət, investisiya və nəqliyyat əlaqəliliyinin inkişafı üçün yeni imkanlar aça bilər.
Cəmi iki həftə əvvəl Vaşinqton sammitinin birinci ildönümünü qeyd etdik. Biz sülh yolunda bu tarixi addımın atılmasında nümayiş etdirilən siyasi liderliyi yüksək qiymətləndiririk. Ötən il ərzində mühüm və real nəticələr əldə olunub", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya sərhədlərin delimitasiyası üzrə aparılan işlər, Azərbaycanın Ermənistana enerji resursları tədarükü və "Sülh körpüsü" transsərhəd təşəbbüsü kimi praktiki addımları alqışlayır.
"Nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin bərpası Azərbaycan və Ermənistan arasında sülhün bütün regiona daha çox rifah və təhlükəsizlik gətirməsinə kömək edə bilər.
Böyük Britaniya bu təşəbbüslərin praktiki həyata keçirilməsini, o cümlədən Britaniya təcrübəsi, investisiyaları və dayanıqlı infrastrukturun maliyyələşdirilməsi, eləcə də daha geniş Orta Dəhlizin inkişafı vasitəsilə dəstəkləməyə hazırdır", - deyə səfir bildirib.
Sonda Norman qeyd edib ki, Böyük Britaniya və Azərbaycan yaxın dost ölkələrdir.
"Biz geniş spektrdə məsələlər üzrə əməkdaşlıq edirik və bir çox istiqamətlərdə oxşar baxışlara sahibik. Bu dostluğu daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - deyə səfir fikirlərini yekunlaşdırıb.