Konqo Milli Komissiyasının rəhbəri tarixi materialların mənşə ölkələrinə qaytarılmasına çağırıb
10:46 SiyasətKonqo Demokratik Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Pol Nsapu Mukulu insan qalıqlarının və digər tarixi materialların onların mənşə ölkələrinə qaytarılmasına çağırıb.
Trend-in müxbirinin verdiyi məlumata görə, o, bunu Bakıda keçirilən "Belçika müstəmləkəçiliyinin 101 ili ədalətsizlik və reparasiyalar uğrunda mübarizə" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Belçika müstəmləkəçiliyi məsələsi tarix çərçivəsindən çox kənara çıxır və ədalət, insan ləyaqəti və fundamental hüquqlar məsələlərinə toxunur.
Onun sözlərinə görə, bu gün 21 avqust 1925-ci il hadisələrinin 101-ci ildönümü ilə əlaqədar xüsusi tarixi əhəmiyyət daşıyır. Həmin hadisələr Ruanda və Konqonun Belçika Konqosu ilə inzibati şəkildə birləşdirilməsi ilə bağlı olub. Bu addım Belçika müstəmləkələrində idarəetmə sisteminin formalaşmasında mühüm mərhələ hesab olunur.
"101-ci ildə biz keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə yanaşı bu proseslərdə bərabərhüquqlu iştirakının təmin edilməsinin vacibliyinə, eləcə də insan qalıqlarının və digər tarixi materialların onların mənşə ölkələrinə qaytarılması məsələsinə diqqət çəkməyə çalışırıq", - deyə Mukulu bildirib.
O, həmçinin qaldırılan məsələlərin dolğun şəkildə müzakirə olunacağına ümid etdiyini vurğulayıb.