Yaxın Şərqdəki qarşıdurma NATO-nun müdafiə planlarını dəyişə bilər- ÖZƏL
16:18 SiyasətYunanıstanın Kritdəki Souda hərbi bazasına "Patriot" sistemi yerləşdirməyi nəzərdən keçirməsi Yaxın Şərqdəki gərginliyin regional sərhədləri aşaraq Avropanın təhlükəsizliyinə təsir etdiyini göstərir. ABŞ hərbi obyektlərinin mümkün hücum təhlükəsi qarşısında müdafiəsinin gücləndirilməsi NATO ölkələrinin də təhlükəsizlik tədbirlərini artırmasına səbəb olur. Kipr və Bolqarıstanla bağlı mümkün risklərin də gündəmə gəlməsi Yaxın Şərqdəki proseslərin Aralıq dənizi və Avropaya təsir imkanlarını artırır.
Yaxın Şərqdəki gərginliyin Avropanın təhlükəsizlik sisteminə və NATO ölkələrinin müdafiə siyasətinə təsiri nə qədər ciddi ola bilər?
Yunanıstanın "Patriot" sistemini Soudaya yerləşdirməsi qlobal güclər arasında artan qarşıdurmanın Avropaya doğru genişlənməsi kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Yaxın Şərqdəki proseslərin NATO-ya və ümumiyyətlə, Avropaya sıçraması ehtimalları var. Amma burada məsələ İranın nə qədər uzaqmənzilli və ya ballistik raketlərə malik olmasından gedir. Bizim bildiyimiz qədər İran hər halda Körfəz ölkələrini vurub və İsrailə qədər zərbələr endirib.
İsraillə paralel yerləşən ölkə yalnız Türkiyədir. İsrailə qədər vura bilirsə, Kiprə də vura bilər. Amma Yunanıstanı və yaxud Bolqarıstanı zərbələndirmək başqa məsələdir. Çünki həmin raketlər Türkiyə üzərindən uçacaq və böyük ehtimalla Türkiyə o raketlərin qarşısını alacaq. Türkiyə ilə yanaşı, yenə bəzi ölkələr bu məsələyə ciddi reaksiya verəcək. Həm də bu iki ölkə Avropaya və NATO-ya üzvdür. Həmin ölkələrdə eyni zamanda "Patriot" raket sistemləri var. Yəni, böyük ehtimalla, o raketlərin qarşısı əvvəlcədən alınacaq. Mən İranın bu qədər irəli gedəcəyini düşünmürəm.
Əlbəttə, bunun xeyri olmaz. Onsuz da ABŞ və İsrail gərginliyin miqyasını artırmaq və eyni zamanda total bir müdaxilə üçün koalisiya yaratmaq istəyir. İran da bir növ koalisiya üçün arqument gətirəcək, arqument yaradacaq.
Ona görə də prosesin belə inkişaf etməsi çətin görünür".
Zeynəb Mustafazadə