Türkiyəyə qarşı böyük oyun: Ankaranı təxribata kim sürükləyir? - ÖZƏL

""Məkkə sazişi" və Ankaranın "Terrorsuz Türkiyə" planının reallaşdımasi istiqamətində qətiyyətli addımlar atmasından sonra Yaxın Şərqdə proseslərin yenidən kəskinləşməsi təsadüfi görünmür. Bölgədə son günlər müşahidə olunan gərginliklər, xüsusilə Suriya ətrafında artan qarşıdurma riski daha geniş geosiyasi mənzərənin bir hissəsi kimi nəzərdən keçirilməlidir. Burada diqqət çəkən əsas məqam isə Türkiyənin getdikcə daha çox proseslərin mərkəzinə çəkilməsi və Ankaranın müxtəlif təxribatlar vasitəsilə emosional və hərbi reaksiyaya sövq edilməyə çalışılması ehtimalıdır." 

Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında Siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

"Məsələ yalnız Suriya ilə məhdudlaşmır. Türkiyə son illərdə regional siyasətdə əvvəlki dövrlərdən əhəmiyyətli dərəcədə fərqlənən xətt formalaşdırıb. Ankara artıq Yaxın Şərqdə baş verən hadisələrə kənardan reaksiya verən ölkə deyil. O, Suriya, İraq, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkanlar və Şimali Afrika arasında uzanan geniş geosiyasi xətt üzrə öz maraqlarını qorumağa çalışan əsas aktorlardan birinə çevrilib.
Bu mənzərədə "Terrorsuz Türkiyə" təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Əgər Ankara daxildə terror probleminin həllinə və regionda təhlükəsizlik arxitekturasının yenidən qurulmasına nail olarsa, Türkiyənin xarici siyasət imkanları daha da genişlənəcək. Çünki daxili təhlükəsizlik problemi zəiflədikcə Ankara həm regional, həm də qlobal məsələlərə daha böyük siyasi, diplomatik və iqtisadi resurs ayıra biləcək.
"Məkkə sazişi" ətrafında formalaşan yeni əməkdaşlıq mühiti də bu baxımdan Türkiyənin təsir imkanlarını və ambisiyalarını artıran amillərdən biri kimi qiymətləndirilə bilər. Ankara üçün məsələ yalnız Yaxın Şərqdə nüfuz qazanmaq deyil. Türkiyənin hərbi imkanları, diplomatik çəkisi, NATO üzvlüyü, enerji və nəqliyyat marşrutları üzərində mövqeyi, Suriya və İraqla sərhədləri, Qafqaz və Mərkəzi Asiya ilə əlaqələri onu regiondakı istənilən böyük geosiyasi hesablamanın mühüm elementinə çevirir.
Bu da təbii ki, Türkiyənin yüksələn geosiyasi çəkisi onu Qafqaz, Mərkəzi Asiya, Balkanlar, Avropa, Şimali Afrika və bütövlükdə türk dünyası arasında əlaqələndirici mərkəzlərdən birinə çevirir. Məhz buna görə Türkiyənin yüksəlişi demək olar ki, bütün güclər tərəfindən qısqanclıqla qarşılanır.
Ankara niyə hədəfə çevrilə bilər?
Yaxın Şərqdə Türkiyənin qarşısında duran ən ciddi risklərdən biri onu birbaşa hərbi qarşıdurmaların içinə çəkmək cəhdidir. Çünki Ankara hansısa ölkə ilə genişmiqyaslı müharibəyə cəlb olunduğu halda onun diplomatik, iqtisadi və siyasi resurslarının əhəmiyyətli hissəsi regional qarşıdurmaya yönələcək. Bu isə Türkiyənin Balkanlardan, Şimali Afrikadan tutmuş Qafqazlara və Mərkəzi Asiyaya qədər formalaşdırdığı geniş geosiyasi strategiyanın tempinə təsir göstərə bilər.
Suriya bu baxımdan xüsusilə həssas istiqamətdir. Burada müxtəlif aktorların maraqları toqquşur və istənilən kiçik insident daha böyük böhrana çevrilə bilər. Türkiyənin hər hansı hadisəyə sərt hərbi reaksiya verməsi isə Ankaranı yalnız Suriya daxilində deyil, daha geniş regional qarşıdurmanın iştirakçısına çevirə bilər. Belə bir ssenari Türkiyənin rəqibləri üçün arzuolunan nəticə yarada bilər: Ankara özünün müəyyən etdiyi gündəmlə deyil, qarşı tərəfin yaratdığı böhranlarla məşğul olmağa başlayar. Bu səbəbdən Türkiyə üçün əsas məsələ təkcə hərbi güc deyil, təxribatı vaxtında müəyyən etmək və ona necə cavab verməkdir.
İsrail-Türkiyə xətti niyə həssasdır?
Yaxın Şərqdə Türkiyə ilə İsrail arasında gərginliyin dərinləşməsi də regional balans baxımından ciddi nəticələr doğura bilər. İsrailin Qəzza, Suriya, Livan və İran istiqamətində həyata keçirdiyi siyasət Türkiyənin təhlükəsizlik və regional sabitlik baxışları ilə getdikcə daha çox ziddiyyət təşkil edir.
Ankara İsrailin bölgədə hərbi-siyasi çəkisinin həddindən artıq artmasını öz regional maraqları baxımından risk kimi qiymətləndirə bilər. Digər tərəfdən, İsrail də Türkiyənin Suriyada, Şərqi Aralıq dənizində və ümumilikdə Yaxın Şərqdə artan təsirindən narahat ola bilər. Beləliklə, iki ölkə arasında birbaşa müharibə ehtimalı yüksək olmasa da, onların regional maraqlarının toqquşduğu sahələrin sayı artır.
Burada üçüncü tərəflərin maraqları da ortaya çıxır.
Fransa və Böyük Britaniyanın, İtaliyanın, Almaniyanın Yaxın Şərqdə tarixən formalaşmış maraqları, ərəb dövlətlərinin regional balansla bağlı narahatlıqları, İranın təhlükəsizlik hesablamaları, Rusiyanın Suriyadakı və Yaxın Şərqdəki mövqeləri, Çinin isə regionun enerji və nəqliyyat imkanlarına olan strateji marağı prosesləri daha mürəkkəb edir.
Bu aktorların məqsədləri eyni deyil. Hətta bir-birinə ziddir. Lakin bu bir-birinə düşmən olan güclərin yüz il əvvəl olduğu kimi, bu gün də Ankaranın bir güc kimi ortaya çıxması və regional gücünün hansı istiqamətdə inkişaf edəcəyi məsələsində maraqlarının üst-üstə düşməsidir.  
Burada əsas hədəf təkcə Ankaranın regional mövqelərini zəiflətmək deyil, həm də Türkiyəni təxribata çəkməklə öz geosiyasi oyunlarını qurmasına nail olmaqdır. Başqa sözlə, bəzi güclər Türkiyənin öz strategiyası ilə deyil, onların yaratdığı gündəmlə hərəkət etməsini istəyirlər. Bu, klassik geosiyasi "vəkalət" məntiqinin daha mürəkkəb formasıdır. Burada məqsəd Türkiyə ilə birbaşa qarşı-qarşıya gəlmək deyil. Əksinə, Türkiyənin gücündən istifadə etməklə regiondakı rəqiblərə zərbə vurmaq, müəyyən aktorların mövqelərini zəiflətmək və Yaxın Şərqdə yeni balans yaratmaqdır. Deməli, Ankaranı Yaxın Şərqdə hansısa qarşıdurmanın içinə çəkmək istəyən qüvvələr üçün əsas qazanc mütləq Türkiyənin məğlubiyyəti deyil. Əsas qazanc Türkiyənin özünün müəyyən etdiyi geosiyasi gündəmdən çıxarılaraq başqalarının yaratdığı gündəmin arxasınca getməyə məcbur edilməsidir. Bu baxımdan təxribatın özü qədər Ankaranın ona verəcəyi reaksiya da mühüm əhəmiyyət daşıyır. Təbii ki, Ankara bunu görür və addımlarını da buna uyğun atır və öz taktiki, strateji oyunlarını qurur. Bu səbəbdən də Ankara üçün ən böyük qələbə hər bir təxribata ən sərt cavabı vermək deyil. Ən böyük qələbə onu təxribata çəkən qüvvələrin ssenarisini pozmaq və hadisələrin gündəmini özünün müəyyən etməsidir. Odur ki, Türkiyə isə bu oyunda həm hədəf, həm də oyunun gedişini dəyişdirə biləcək əsas aktorlardan biridir.
Türkiyənin qarşısındaki iki yol
Ankara qarşısında belə vəziyyətdə iki əsas seçim dayanır: ya yaradılan böhranların tempinə uyğun hərəkət edərək hadisələrin arxasınca gedəcək, ya da prosesləri özü idarə edən aktora çevriləcək.
Türkiyənin indiki siyasi xəttinə baxdıqda ikinci variantın daha real olduğu görünür. Ankara birbaşa hərbi qarşıdurmadan yayınaraq, diplomatik kanalları açıq saxlamaqla yanaşı, həm də hərbi çəkindiriciliyini qorumağa çalışacaq. Bu, zəiflik deyil, əksinə, böyük dövlət strategiyasının mühüm elementidir. Çünki müasir geosiyasətdə hərbi gücün əsas məqsədi həmişə müharibə aparmaq deyil, müharibənin qarşı tərəf üçün qəbulolunmaz qiymətə çevrilməsini təmin etməkdir. Türkiyə üçün əsas üstünlük də məhz bundadır. Çünki Ankara həm hərbi, həm diplomatik, həm iqtisadi, həm də geosiyasi alətlərdən paralel istifadə edə bilir. 
Qarşıdurma ehtimalı nə qədər realdır?
Gərginliyin müəyyən mərhələdə pik həddə çatması mümkündür. Bu özünü Türkiyənin cənub sərhədində, xüsusən də Suriyada, qərbdə isə Yunanıstanla sərəhəddə özünü göstərir. Lakin Türkiyə ilə hər hansı əsas regional aktor arasında genişmiqyaslı birbaşa müharibə ssenarisi hazırkı şərtlərdə görünmür. Çünki qarşı tərəflər belə bir qarşıdurmanın qiymətinin onlar üçün son dərəcə ağır olacağını da yaxşı bilirlər. Ona görə də daha real ssenari dolayı qarşıdurmalar, siyasi təzyiqlər, informasiya müharibəsi, məhdud insidentlər və tərəflərin bir-birinin dözümlülüyünü, təmkinliliyini yoxlamasıdır. Ən təhlükəli məqam da məhz budur. Çünki böyük müharibələr çox vaxt əvvəlcədən elan olunmur. Kiçik insidentlərin ardıcıl şəkildə böyüməsi nəticəsində yaranan eskalasiya nəzarətdən çıxa bilər. Bu səbəbdən də Türkiyənin qarşısında indi yalnız hərbi və diplomatik məsələ deyil, strateji səbr məsələsi dayanır.  Ankaranın bu mürəkkəb və çətin proseslərdən uğurla çıxıb, qarşısına qoyduğu hədəflərə nail olması üçün böyük imkanlara malikdir. Və bu belə də olacaq. Nəticə etibarı ilə Türkiyə Avrasiyada və Şimali Afrikada əsas güc sahiblərindən biri olacaq."

ALİM 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31