Şakir Ağayev: “Paşinyan məsuliyyəti müxalifətlə bölüşdürmək istəyir” – ÖZƏL

"Ermənistan parlamentində vitse-spiker vəzifəsinə "Güclü Ermənistan" blokunun üzvü seçilib. Komissiya sədrliklərinə baxsaq, səkkiz komissiyadan dördü hakim partiyaya, üçü "Güclü Ermənistan" blokuna, biri isə Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna verilib. Mən hesab etmirəm ki, bu addım yalnız Rusiyaya xoş gəlmək və ya Moskva ilə münasibətləri normallaşdırmaq məqsədi daşıyır. Əlbəttə, bunu tamamilə istisna etmək olmaz, amma düşünmürəm ki, əsas məqsəd məhz budur. Çünki Ermənistan parlament seçkilərində "Güclü Ermənistan" bloku təxminən 23 faiz səs toplayaraq ikinci ən böyük siyasi qüvvə və əsas müxalifət statusu qazanıb. Köçəryanın "Ermənistan" bloku isə təxminən 9 faiz səs əldə edib. Bu baxımdan vitse-spikerlərdən birinin məhz "Güclü Ermənistan" blokundan olması tam məntiqlidir. Parlamentdə 23 faiz səs toplamış siyasi qüvvənin təmsilçisinin bu vəzifəni tutması təbii sayılmalıdır. Eyni məntiqlə, üç komissiya sədri də həmin bloka verilib, bir komissiya isə Köçəryanın blokuna. Paşinyanın partiyası isə təxminən 49 faiz səs topladığı üçün komissiyaların əksəriyyətinə rəhbərlik edir. Yəni bu, Ermənistan parlamentində seçkilərin nəticələrinə uyğun formalaşan prosedur qaydadır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, komissiyalara nəzər saldıqda görürük ki, maliyyə, ərazi idarəetməsi və infrastruktur, avrointeqrasiya, insan hüquqları kimi istiqamətlər müxtəlif siyasi qüvvələr arasında bölüşdürülüb. Paşinyan avrointeqrasiya komissiyasını müxalifətə verməklə müəyyən mənada bu sahədəki proseslərin məsuliyyətini onların üzərinə qoyub. Mən düşünmürəm ki, təkcə komissiya sədrinin mövqeyi bu sahədə ya prosesləri sürətləndirə, ya da ciddi şəkildə əngəlləyə bilər. Ancaq Paşinyan həm Avrasiya İqtisadi Birliyi, həm də Avropa İttifaqı istiqamətində paralel siyasət aparmağa davam edərsə, bu amildən istifadə etməyə çalışa bilər. Yəni bir tərəfdən Avropa ilə inteqrasiyanı gündəmdə saxlayıb, digər tərəfdən Avrasiya İqtisadi Birliyi ilə əlaqələri qorumağa çalışa bilər.

Ekspertin fikrincə, komissiya və ya komitə sədrliklərinin bölgüsü Paşinyana "Güclü Ermənistan" blokunun dəstəyini qazandırmayacaq. Çünki həm "Güclü Ermənistan" bloku, həm də Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku seçki kampaniyası dövründə dəfələrlə bildiriblər ki, Avropa İttifaqına üzvlüklə bağlı kursu dəstəkləmirlər və bu istiqamətdəki yanaşmanı qəbul etmirlər. Ona görə də bunun hansısa siyasi bazarlığın nəticəsi olduğunu düşünmürəm. Parlamentdə müxalifətdə olan qüvvələrin bu prosesə dəstək verəcəyi də inandırıcı görünmür. Bu, əsasən Ermənistan parlamentinin prosedur qaydalarından irəli gələn məsələdir. İkinci ən çox səs toplamış siyasi qüvvənin nümayəndəsinin vitse-spiker seçilməsi də həmin prosedurun məntiqi nəticəsidir. Paşinyanın özü isə Kremlinlə münasibətlərdə gərginliyi müəyyən qədər azaltmağa çalışır. Ancaq Rusiya xarici işlər nazirinin müavini, MDB ölkələri üzrə kurator hesab olunan Mixail Qaluzinin bu gün TASS agentliyinə verdiyi müsahibəyə baxsaq, görərik ki, Moskvanın Ermənistanla bağlı mövqeyi kifayət qədər qətidir. Qaluzin bildirib ki, dekabr ayında referendum keçirilməli və Ermənistan cəmiyyəti öz seçimini etməlidir: ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı. Qaluzin bu fikri şəxsi mövqeyi kimi deyil, Avrasiya İqtisadi Birliyinin qəbul etdiyi qərarlara istinad edərək səsləndirir. Eyni zamanda, o, KTMT məsələsinə də toxunub. Bildiyiniz kimi, noyabr ayında Moskvada keçiriləcək sammitdə KTMT üzvləri Ermənistanla bağlı məsələni qəti şəkildə gündəmə çıxarmaq və bu barədə konkret qərar qəbul etmək niyyətindədirlər. Ermənistan isə KTMT-yə qayıtmaq niyyətində olmadığını açıq şəkildə bəyan edir. Bu gün Paşinyanın partiyasını təmsil edən deputat Xandanyan da bildirib ki, hökumətin təqdim edəcəyi proqramda Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığın davam etdirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur, lakin KTMT-yə qayıdış məsələsi gündəmdə deyil və belə bir geri dönüş olmayacaq. Bütün bunlar göstərir ki, Ermənistan parlamentində komissiya sədrliklərinin bölgüsü və ya vitse-spiker postunun müxalifət nümayəndəsinə verilməsi Rusiyanın Ermənistanla bağlı mövqeyini dəyişməyib və Moskvanın bu məsələlərə yanaşmasına ciddi təsir göstərməyib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31