Ermənistan Rusiya qazına alternativ axtarır: TRIPP layihəsi və İran seçimi gündəmdədir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın hakim "Mülki Müqavilə" partiyasından olan deputat Sarkis Xandanyan TRIPP layihəsi çərçivəsində çəkiləcək kəmərin ölkə üçün yeni qaz mənbəyi ola biləcəyini bəyan edib. Rusiya qazının qiymətinə baxılması məsələsi gündəmə gələrsə, Moskva ilə dostcasına müzakirələr aparılacağını bildirən Xandanyan enerji mənbələrinin diversifikasiyasının vacibliyini vurğulayıb. O, İrandan qaz idxalının artırılması imkanı ilə yanaşı, Ermənistan ərazisindən keçəcək kəmərin əlavə şans yaratdığını, hətta Azərbaycandan birbaşa qaz tədarükü ssenarisinin də istisna edilmədiyini qeyd edib.

Bu açıqlamalar İrəvanın Aİ ilə inteqrasiya prosesini davam etdirəcəyi təqdirdə, Rusiyanın 2013-cü il tarixli qaz, neft məhsulları və brilyant tədarükünə dair sazişi birtərəfli qaydada ləğv edə biləcəyi barədə xəbərdarlıq məktubundan sonraya təsadüf edir. Ermənistan hazırda Rusiya qazının min kubmetrini 177,5 dollara aldığı halda, Avropa İttifaqı bazarında bu qiymət təxminən 550 dollardır. Digər tərəfdən, Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyan bir qədər əvvəl İran qazını Rusiya qazına alternativ kimi görmədiklərini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31