Gürcüstanda müxalifətçi deputata qarşı xəyanət ittihamı ilə istintaq başlanıb – ÖZƏL
13:39 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının üzvü Laşa Parulava komanda yoldaşı Qiorqi Baramidzeyə qarşı dövlətə xəyanət və təxribat ittihamları ilə araşdırma başlanmasını siyasi təqib adlandırıb. Parulava bildirib ki, Baramidze Abxaziya müharibəsi barədə dediyi sözlərə aydınlıq gətirərək üzr istəyib və bu çıxış cinayət məsuliyyəti yaratmır. O, Rusiyada qiyabi olaraq 6 il yarım azadlıqdan məhrum edilən Baramidzeyə qarşı Gürcüstanda da bənzər ittihamın irəli sürülməsini qərəzli addım kimi qiymətləndirib.
Baş Prokurorluq tərəfindən araşdırılan işə Baramidzenin Abxaziya müharibəsi zamanı gürcü tərəfinin əsir götürmədiyi və onları güllələdiyi barədə müsahibəsi səbəb olub. O, daha sonra bu fikirlərini dəqiqləşdirərək vəziyyətin sonradan dəyişdiyini və qarşı tərəflə 200 əsirin dəyişdirildiyini vurğulayıb.