Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaqlar- ÖZƏL
11:58 SiyasətYAP Qaradağ rayon təşkilatının, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyinin Qaradağ rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri Şəhid kapitan Pərviz Ələddin oğlu Məmmədovun doğum günü ilə əlaqədar şəhidin Qaradağ Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar. "Olaylar" xəbər verir ki, Şəhidin ailəsi ilə söhbət zamanı Şəhidlərimizin əbədi ehtirama layiq olduqları qeyd edilib. Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaqları, onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağımız xüsusi vurğulanıb. Bildirilib ki, Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə bağlı Azərbaycan dövləti tərəfindən mühüm tədbirlər görülür. Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək Prezident, Ali Baş Komandan İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Pərviz Ələddin oğlu Məmmədov 1989-cu il avqustun 9-da Tovuz rayonu, Çeşməli kəndində anadan olub. Ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçdükdən sonra, 1995-2006-cı illərdə Neftçi Qurban adına 288 nömrəli tam orta məкtəbdə təhsil alıb.
Azərbaycan Ordusunun kapitanı olan Pərviz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da şəhid olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Pərviz Məmmədov, həmçinin Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.