Dövlət siyasətinin təmin olunmasında informasiya vasitələrinin rolu

Dövlət ilk növbədə məlumat daşıyan vasitələrin fəaliyyətini təmin edir və tənzimləmə məqsədilə  müvafiq qanunvericilk bazası yaradır. Norma və qaydalarla tənzimləmə həyata keçirilir. İnformasiya vasitələri tərəflərin maraqları strateji və taktiki əsaslarla təmin edir.

İnformasiya vasitələri dedikdə, burada  ilk növbədə informasiya qəbul edən və ötürən media, bu baxımdan  televiziya və mətbuat, radio düşünülür. Rabitə-teleqraf vasitələrinə də telefon, faks kimi vasitələr aid edilir. Teleqraf vasitəsi siqnalların naqil və digər elektrorabitə vasitəsilə ötürülməsidir. Poçt xidmətləri də məlumatların ötürülməsini təmin edir. Teleqramları ünvanlara göndərir, yazılı məktubarı çatdırır. Məlumatlar audio, video və mətn formasında, həmçinin şifrəli əsaslarla (məsələn, Morze əlifbası ilə) də ötürülür. Məlumatlar açıq, qapalı, kodlaşdırılmış əsaslarda mövcud olur.  İnformasiya texnologiyalarının təkmilləşməsi elektron resurslarından səmərəli istifadəni şərtləndirmişdir. 

İnformasiya daşıyıcı vasitələri məlumatlar bazasıdır. Özündə fiziki formanı və mahiyyəti daşıyır. İnformasiya daşıyıcı (özündə qəbul edən, saxlayan və ötürən)   vasitələrini indiki zamanda iki qismə bölmək olar: fiziki vasitələr(kağız formatında kitab, jurnal, qəzet) və internet resursları vasitələri. Offlayn vasitələr daha çox fiziki vasitələrdir. İnternet resursları isə onlayn vasitlərdir. Məlumdur ki, əvvəlcə də qeyd olunduğu kimi,  telefonlar, teleqraflar, fakslar, radio və televizya vasitələri də mövcuddur.  Bunlara dalğa və elektron vasitələri adlarını vermək olar. Təbii ki, onların da kateqoriyaları, tipləri, növləri var. İnformasiya vasitələri audio və video -visual vasitələrə ayrılır.   İnformasiyanın təmin edən vasitələr birliklər, media qurumları, o cümlədən mətbuat, radio və televiziya, ats-lər, poçt və teleqraf xidməti həyata keçirən qurumlar,   agentliklər, saytlar, media holdinqlər və s.-dirlər.  Məxsusluq baxımından dövlət və özəl əsaslara bölünür.

Dövlətə informasiya lazımdır, çünki dövlət aktlarının özü elə müəyyən tutumlu  informasiya normaları və qaydalarıdır.  Dövlət siyasətinin iki baza xətti var: dövlətdaxili və beynəlxalq. Hər iki sahələr birləşdikdə (milli və beynəlxalq sahələr nəzərdə tutulur) dünya siyasəti meydana gəlmiş olur. Regional siyasət də dünya siyasətinin tərkibidir və regionu əhatə edən dövlətlərin, ölkələrin milli və xarici siyasətlərinin məcmusunu özündə isbatlayır, təsbit edir. Bütünlükdə dünya siyasəti dünya mətbuatı, dünya televiziyası,  dünya mediası ilə formalaşır. Ayrı-ayrı mərkəzlərdən, ölkələrdən məlumatlar qəbul edilir, uyğun siyasət aktları hazırlanır.  Bu yöndə qeyd etmək yerinə düşər ki, informasiyanın vahid, oxşar,  harmonik xüsusiyyətləri dünya siyasətinin oxşar əsaslarla formalaşmasında məxsusi önəm kəsb edir. 

Dövlətin, cəmiyyətin, sosial strukturların özəyi insandır. İnsan məlumatlardan ibarətdir.  Siqnallarla, enerji axını ilə əhatə olunub. Məlumat bir şeyi, nəsnəni, hadisəni daxili  tərkib və xarici əlaqələr etibarilə əhatə edən elementlər cəmidir. Qavrayışdır, dərketmədir. Məlumat əlamətlərin xassəsini ehtiva edən dərketmədir. Məlumatlar əlamətlər axınıdır. Təsəvvürdür, təsvirdir. İstifadə əsaslarını özündə əks etdirir. Məlumatlar xəyaldır, təsvirdir. Eləcə də konkretlikdir, həmçinin mücərrədlikdir. Məlumatlar subyektivdir və hər kəsin dərk edə biləcəyi və görə biləcəyi obyektiv reallığın inikasıdır, hadisəsidir.

Dövlət insan maraqlarına xidmət edən, sosial-rifah halını təmin edən, həm də maraqları müdafiə edən bir qurumdur, kompleksiyadır. Dövlət maraqları bir arada cəmləşdirən, həm də strukturlaşdıran, paylayan bir sosial-hüquqi və siyasi, həm də ictimai bir qurumdur. Dövlətin daxili qurumları elə məlumatlardan ibarətdir.

Dövlət cəmiyyəti qanunvericilik aktları ilə idarə edir. Beynəlxalq əlaqələr xarici siyasət aktları ilə müəyyən və təyin olunur. Dövləti vəzifələr sahələr üzrə maraqların nizama salınmasını özündə ifadə edir. Dövlət inzibati əsaslarla, aparat tənzimləməsi ilə idarə olunur. Dövlətin aparat-inzibati və aparat-siyasi idarəçiliyi məlumatlarla həyata keçirilir. Burada informasiya siyasətinin qayəsini, məğzini, mahiyyətini ifadə edir.  Piramidal mövcudluq və idarəçilik institutu məhz məlumatlardan ibarətdir.  Məlumatların ötürülməsi sayəsində də cari -taktiki və uzun müddətli strateji siyasət meydana gəlir.  Siyasət institutlarının aktları elə məlumatlardan ibarətdir. Dövlət qanunvericiliyi özü elə məlumat mənbəyidir.  Dövlətin məlumatlarla idarə olunmasıdır.  Dövlət qanunvericiliyi vasitələri müəyyən həcmli mətnlərdən ibarətdir və bu mətnlər də məhz məlumatların özüdür.

Dövlətin cəmiyyəti idarə etməsi sistemli məlumat ötürməsidir. Cəmiyyət qərarlarla, qanunvericilik vasitələri ilə, normativ-hüquqi aktlarla idarə olunur. Bu idarəçilik sistemli məlumat idarəçiliyidir. Maraqlar hüquq normalarında və qaydalarda əksini tapır. Dövlət mənafeyi müdafiə edir. Dövlət məlumatların özəyidir. Dövlət məlumatlarla idarə olunur, çünki düşüncələr məhz məlumatlarda formalaşır. Düşüncə ardıcıllığını, sintezini və nəticə bağlılığını da məlumatlar əks etdirir.

İnformasiyalar vasitələrlə ötürülür. Yayılır. Məlumatlar həm piramidal formada, həm də ətrafa doğru şaxələnən  əsaslarla yayılır. İnformasiya vasitələrinin müəyyən vəzifə və funksiyaları, məsuliyyət və öhdəlikləri,iş prinsipləri mövcud olur. Tərəflərin, subyektlərin şərəf və ləyaqətinin qorunması bir vəzifə, məsuliyyət və öhdəlikdir. Diffamasiya (şərəf, ləyaqət, nüfuz və adın qorunması) qaydalarına ciddi əməl olunmalıdır. Böhtan xarakterli  və şəxsiyyəti aşağılayan, nüfuzə xələl gətirən məlumatların ötürülməsi və yayılması qadağandır və bir qayda olaraq qeyri-etik hərəkət kimi qəbul olunur.

İnformasiya vasitələri məlumatları toplayır, emal edir və ötürürlər. Vasitələr məlumatların tez bir zamanda, qısa müddətdə  əldə olunmasında, emalında, təhlilində, ayırd edilməsində operativ, təcili, təxirəsalınmaz akt həyata keçirir. Məlumatların vaxtında ötürülməsi siyasətin hazırlanması üçün şərtləri özündə ehtiva edir. İnformasiya vasitələrinin başlıca funksiyası yalan (fake) məlumatların və şayiələrin yayılmasının vaxtında qarşısını almaqdan ibarətdir. Məlumatlar şəxsiyyətin qorunmasına, nüfuzunun qorunmasına yönələn əsasları özlərində daşımalıdırlar. Məlumatların dolğunluğu, şəffaflığı, obyektivliyi, gerçəkliyi, əhatəliliyi şərtdir. Bu, məlumat daşıyıcı vasitənin şərəf və nüfuzunun ləyaqətlə qorunmasına əsas verir.

İnformasiya vasitələri dövlətin siyasətinin təmin olunmasında, yayılmasında bu kimi funksiyaları yerinə yetirir:

-dövlət başçısının çıxışının, məruzəsinin, nitqinin  audio-vizual formasını yayır, mətnlərin dərc olunmasını həyata keçirir;

-qanunvercilik aktlarının mətnlərini dərc edir və cəmiyyəti sənədlərlə vaxtında məlumatlandırır;

-məktublaşmanı təmin edir -  qurumlar daxilində, qurumlar arasında  və qurumlarla fərdi vətəndaşlar  arasında;

-dövlət siyasətinin pilləli (piramidal)  aktlarının  təmin olunmasında mühüm rol oynayırlar-qərarların ötürülməsi funksiyasını həyata keçirirlər;

-qərarların hazırlanması üçün ictimai təklifləri dövlət hakimiyyətinə çatdırır-cəmiyyətinin ruhunu, nəbzini dövlətə təqdim edir;

-dövlət hakimiyyətinin qərarlarını daxilə, cəmiyyətə və beynəlxalq aləmə çatdırır. Qərarların icrası ilə bağlı tərəfləri məlumatlandırır;

-dövlət və cəmiyyət haqqında baxışları, mövqeləri, qənaətləri, izahları, təhlilləri və nəticələri dövlət hakimiyyətinə,  dövlətə çatdırır;

-dövlət hakimiyyətinin qollarının həyata keçirdiyi siyasətin forma və məzmununu cəmiyyətə və beynəlxalq aləmə, beynəlxalq ictimaiyyətə çatdırır;

-müxtəlif mərhələdə həyata keçən siyasət aktları arasında bağlılıq yaradır və umumi və məxsusi (sahələr üzrə) məlumatları yaymaqla sanki bir koordinasiya funksiyasını yerinə yetirir;

-cəmiyyətin və dövlətin qarşılıqlı olaraq ayıq-sayıqlığını təmin edir;

-dövlət siyasətində operativliyin təmin olunmasında məlumatla təmin etmək funksiyasını həyata keçirirlər;

-dövləti vəzifə təyinatları ilə bağlı ictimaiyyətə məlumatlar ötürürlər;

-qanunların və digər qanunvericilik aktlarının qəbulu və ləğvi ilə bağlı cəmiyyəti məlumatlandırırlar;

-dövlətin mühüm qərarları ilə bağlı məlumatların operativ şəkildə aidiyyatı sahələrə çatdırılmasını təmin edirlər.

Xarici siyasət sahəsində

Xarici siyasət aktlarının  özləri normativ-hüquqi aktlardır (beynəlxalq əlaqələr və beynəlxalq hüquq sənədləridir)  və məlumatlar bazasından ibarətdir.  Diplomatiya özlüyündə məlumatlar məcmusudur. Diplomatik aktlar: müqavilələr, yazışmalar, bəyanatlar və s. kimi sənədlər özlüyündə sahələr üzrə məlumatlar toplusudur. 

İnformasiya vasitələri, informasiya daşıyıcı subyektləri xarici siyasət, beynəlxalq münasibətlər və beynəlxalq əlaqələr, eləcə də diplomatiyanın təmin olunmasında  bu kimi funksiyanı yerinə yetirir:

-Beynəlxalq şəraiti, vəziyyəti ölkələrə, regionlara, bölgələrə, ictimaiyyətə, milli cəmiyyətlərə çatdırır. Beynəlxalq vəziyyəti agah edir, aydınlaşdırır. Təhlil edərək, qısa, ümumiləşdirilmiş məzmunda təqdim edir;

-beynəlxalq aktları həm olduğu şəkildə, həm də analiz olunmuş əsasda təqdim edir;

-beynəlxalq sənədlərin mətnlərini yayır və xarici siyasət və beynəlxalq aktların mahiyyətini aşkarlayır, tərəflərə çatdırır;

-dövlət başçılarının rəsmi və işgüzar səfərləri, görüşləri  ilə bağlı məlumatları təqdim edir. Ali diplomatiyanın mahiyyətini çatdırır;

-məlumatlar mübadiləsi zamanı dəyərlərin, siyasətin mahiyyətinin bölüşdürülməsi funksiyasını həyata keçirir;

-beynəlxalq görüşlərin yeri, vaxtı və məzmunu, obyekti və predmeti haqqında tərəflərə məlumat çatdırır;

-beynəlxalq aləmin diplomatik mühiti və diplomatik vəziyyəti haqqında məlumatları bölüşür;

-beynəlxalq sammitlərin, konfransların, digər yığıncaqların gündəliyi və nəticə etibarilə əladə olunan qərarlar barədə məlumatları təqdim edir;

-diplomatik danışıqların məğzi və nəticələri ilə bağlı tərəfləri agah edir;

-diplomatların təyinatı və geri çağrılmaları haqqında məlumatları təqdim edir;

-xüsusi elçilərin göndərilməsi ilə bağlı məlumatları təqdim edir;

-Konvensiyalarla bağlı konfransların keçirilməsi və mövzularla bağlı məlumatları təqdim edir;

-insanlarda xarici siyasətin forma və məzmunu barədə təsəvvür yaradır;

-Informasiya vasitələri xarici siyasət aktlarının "immuniteti" və mühafizəsi ilə bağlı fikirləri formalaşdırır;

-informasya vasitələri dünya sülhünün və digər vəziyyətlərin yaranması üçün, şəraiti şərtləndirən əsaslar barədə məlumatlar verir;

-beynəlxalq münaqişələr və vasitəçilik missiyası barədə məlumatları təqdim edir, əsasları göstərir;

-informasiya vasitələri diplomatik xidmət əməkdaşlarının akkreditasiyası və təyinatlar barədə məlumat verir;

-övdətnanmələr və etimadnamələr barədə ictimaiyyəti məlumatlandırır;

-ölkənin xarici siyasətinin prinipləri barədə məlumatları çatdırır;

-xarici siyasətlə bağlı mövqeləri toplayır və yayır;

-xarici siyasətin analizini həyata keçirdir və aidiyyatı ünvanlara çatdırır;

-müharibə, sülh aktları barədə, həmçinin danışıqların gedişi ilə əlaqədar  cəmiyyətləri məlumatlandırır;

-ölkəyə təyin olunmuş diplomatların dövlət başçısı tərəfindən qəbulunu və diplomatik protokolun əsaslarını  təqdim edir;

-dünya siyasətinin, bu baxımdan beynəlxalq əlaqələrin operativ təminatı üçün məlumatları vaxtında çatdırır;

-beynəlxalq regionların siyasətləri barədə qarşılıqlı informasiya ötürücü funksiyanı yerinə yetirir;

-müharibə və sülh çağırışları barədə məlumatları təqdim edir;

-beynəlxalq təşkilatların fəaliyyəti barədə məlumatları təqdim edir;

-dövlətlərarası əlaqələrin və münasibətlərin məğzi barədə məlumatlar təqdim edir ki,  bu da özlüyündə ölkələrarası münasibətlərin mahiyyətini ayrıd etməyə imkan verir.

Kütləvi informasiya vasitələri (KİV) başlıca olaraq hadisələr axarını özündə əks etdirir.  Gündəlik, həftəlik, aylıq və rüblük, illik məlumatlar bazası yaradır. Vasitələr məlumatları tirajlayır ki, bu da özlüyündə əhatəli yayılmanı əks etdirir.

Elşən Nəsibov

Siyasətşünas-alim, yazıçı publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31