Yeni müttəfiqlik sazişi Orta Dəhliz və Türk Dövlətləri Təşkilatına yeni impuls verəcək- ÖZƏL

Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri çərçivəsində keçirilən Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında imzalanan "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Sənəddə ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" Sənədin əhəmiyyəti ondan ibarətdir ki, birinci növbədə xarici siyasəti baxımından çoxşaxəli, bütün tərəflərlə bərabərlik, qarşılıqlı hörmət və etimada əsaslanan siyasət kursumuzun məntiqi davamı olaraq yeni bir müttəfiq qazanmış olduq. Amma bu yeni müttəfiq bizə yad və ya uzaq bir dövlət deyil, qardaş dövlətlərimizdən biridir. Yəni onsuz da əvvəllər yüksək səviyyədə olan münasibətlərimizi artıq müttəfiqlik səviyyəsinə çatdırmış oluruq.
Bu da xarici siyasətimizin bariz uğurlarından birinə çevrilir. Bu, eyni zamanda Qırğızıstan tərəfi üçün də keçərlidir və hər iki tərəfin bu münasibətlərdən faydalanacağı bir çox məqam var. Buraya ticarət, siyasi, hərbi əməkdaşlıq, təhlükəsizlik məsələləri və demək olar ki, bütün sahələri, o cümlədən mədəniyyət və sosial sahələri də aid edə bilərik. Ona görə də geniş spektrli əlaqələr formatı yaradan belə bir addım, əlbəttə ki, hər iki tərəf üçün əhəmiyyətli sayılmalıdır və bunun real təsirlərini də, yəqin ki, çox gözləmədən bir neçə il sonra görməyə başlayacağıq.
Hansı imkanlardan söhbət gedir? Dünyada artıq ciddi bir qeyri-müəyyənlik formalaşıb. Yəni biz Azərbaycan-Qırğızıstan münasibətlərinə bu suala cavab verərkən sadəcə ikitərəfli münasibətlər aspektindən yanaşmamalıyıq. Həm də beynəlxalq arenaya nəzər salaraq bunu dəyərləndirməliyik. Çünki biz dünyanın mərkəzində strateji baxımdan iki fərqli nöqtədə yerləşən iki qardaş dövlət, iki qardaş xalqıq. Ona görə də dünyada artan qlobal münaqişələri və qeyri-müəyyənlikləri də nəzərə almalıyıq.
Məsələn, əvvəllər dünya ticarətinin böyük əksəriyyəti okeanlar və dənizlər vasitəsilə həyata keçirilirdi. Hörmüz boğazı ətrafında baş verənlər, eyni zamanda Çin kimi dünya iqtisadiyyatının ayrılmaz hissəsi olan bir ölkənin okeanlara çıxışının riskli olması kimi faktorlar artıq yeni dünya düzənində ticarət yollarının yenidən formalaşması reallığını ortaya çıxarır.
Nəzərə almaq lazımdır ki, Çin bunun üçün hələ illər əvvəl ciddi addımlar atıb. "Bir kəmər, bir yol" layihəsi hər kəsə bəllidir. Çindən Avropaya qədər uzanan bu marşrut dünya iqtisadiyyatının gələcək əsas istiqamətlərindən biri olmaq potensialına malikdir. Bunun reallaşıb-reallaşmayacağını zaman göstərəcək, amma belə bir potensial mövcuddur. Bu yolun ən aktiv həlqələrindən biri də Orta Dəhlizdir. Orta Dəhlizin canlandırılması üçün vacib addımlardan biri Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin həyata keçirilməsidir. Bu yol gələcəkdə Orta Dəhlizin inkişafına, Avropaya daha qısa və təhlükəsiz çıxışın təmin olunmasına, Cənubi Qafqaz, yəni Azərbaycanın formalaşdırdığı nəqliyyat marşrutları vasitəsilə yükdaşımaların asanlaşmasına xidmət edə bilər. Bu isə nəticə etibarilə Orta Dəhlizin canlanmasına, "Bir kəmər, bir yol" layihəsinin daha effektiv işləməsinə və dəniz yolları ilə müqayisədə daha təhlükəsiz quru marşrutlarının ön plana çıxmasına səbəb olacaq. Çünki quru yollarında təhlükəsizliyi təmin etmək dənizlə müqayisədə daha asandır. Dənizdə piratçılıq halları mövcuddur və xüsusilə beynəlxalq sularda vahid müdaxilə mexanizmi yaratmaq qurudakına nisbətən daha çətin və daha çox xərc tələb edir. Quruda isə marşrut hansı ölkənin ərazisindən keçirsə, həmin hissənin təhlükəsizliyinə o ölkə cavabdeh olur. Bu da riskləri əhəmiyyətli dərəcədə azaldır.
Amma məsələ təkcə beynəlxalq kontekstlə bitmir. İkitərəfli münasibətlər baxımından da Azərbaycanla Qırğızıstan arasında kifayət qədər perspektivli istiqamətlər var. Buraya enerji sahəsini aid edə bilərik. Burada həm tərəflərin enerji məhsullarının mübadiləsi, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının tranzit imkanlarının genişləndirilməsi mümkündür. Eyni zamanda kənd təsərrüfatı, birgə layihələr, birgə investisiyalar və digər sahələrdə də çox effektiv nəticələr əldə etmək olar. Bunun bariz nümunələrindən biri Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondunun kapitalının 200 milyon dollara qədər artırılmasıdır.
Bu fond gələcəkdə daha da böyüyəcək, inkişaf edəcək. Buradan yeni yatırımlar, yeni layihələr yaranacaq. Bu isə həm iqtisadi canlanma, həm yeni iş yerlərinin açılması, həm Azərbaycan və Qırğızıstan vətəndaşları üçün yeni imkanlar, həm də ikitərəfli əlaqələrin inkişafı üçün yeni mexanizmlərin formalaşması deməkdir. O ki qaldı Türk Dövlətləri Təşkilatı məsələsinə, burada önəmli bir nüans var. İstər çoxtərəfli, istərsə də ikitərəfli münasibətlər çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin öz aralarında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırması, əlbəttə ki, təşkilatın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bir məsələ var təşkilat daxilində formal əlaqələr saxlamaq, bir məsələ də var həm təşkilat daxilində, həm də təşkilatdan kənar ikitərəfli, üçtərəfli və ya dördtərəfli ittifaqlar formalaşdırmaq. Bu onu göstərir ki, həmin ölkələr sadəcə təşkilat çərçivəsində münasibətlər qurmurlar. Onların öz aralarında da səmimiyyət və müttəfiqlik münasibətləri üçün real potensial mövcuddur.  Bu kimi nümunələrin sayı artdıqca Türk Dövlətləri Təşkilatının özü də bütün sahələr üzrə daha sürətli inkişaf yoluna qədəm qoyacaq. Bunun başında siyasi birliyin iqtisadi inteqrasiyaya çevrilməsi, hərbi təhlükəsizlik arxitekturasının qurulması kimi istiqamətlər dayana bilər. Yəni bu münasibətlər inkişaf etdikcə yeni layihələr və yeni əməkdaşlıq sahələri yaranacaq. İqtisadi inteqrasiya tamamlandıqca siyasi müttəfiqlik daha da möhkəmlənəcək. Bu mərhələdən sonra isə hərbi əməkdaşlıq ön plana çıxacaq və nəticədə Türk Dövlətləri Təşkilatı bütün sahələrdə vahid mexanizmə çevrilə, üzv dövlətlərin bir-birinin təhlükəsizliyini və maraqlarını birlikdə qoruduğu daha güclü əməkdaşlıq platforması formalaşa bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31