İqtidara, yoxsa dövlətə müxalifət?- ÖZƏL

 Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Özlərini bloger, siyasi fəal kimi təqdim edən mühacirlərlə əlaqədar müzakirələr kölgədə qalan daha vacib bir sual üzərində düşünməyə vadar etdi. Bu şəxslər iqtidara, yoxsa dövlətə qarşı çıxırlar?
Son günlər özlərini bloger, siyasi fəal kimi təqdim edən xaricdə yaşayan azərbaycanlı mühacirlər, onların fəaliyyəti növbəti dəfə əsas müzakirə mövzularından birinə çevirilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə "Azad söz" Youtube kanalını yaradan Tural Sadıqlının Berlin dialoqu bu məsələ ilə əlaqədar  kölgədə qalan, həmçinin üstündən sükutla keçilən həqiqətləri gün işığına çıxardı. İndiki vəziyyətdə görmək istəməyənlər belə etiraf etdilər ki, sən demə, özlərini müdirk, baş bilən, biləndər bloger, siyasi fəal kimi sırmağa çalışanlar, əslində savadsız, dayaz şəxslərdi. Onların abırını, arxasında gizləndikləri ekran örtürmüş, ilk birbaşa polemikada şüşə kimi çilik-çilik oldular. Hay-küylə, trol sürüsü, zombi dəstəsi ilə yaradılan imic, reputasiya sabun köpüyü çıxdı. Atlarımız gözəl deyib, "kələk ilə gələn, külək ilə gedər".  Zamanında bu həqiqətlər səslənəndə "iqtidar mənsubların iddialarıdır" - deyilirdi. İndi isə öz dairələrinə aid şəxslər bunu açıq deyir. Yəni, Günəşi palçıqla suvamaq mümkün deyil. 

İndi yaranmış vəziyyət elə kələk mövzusunun da ətraflı müzakirəsi üçün əlverişlidir. Fransa, Almaniyada kimlər ki, bu cür "dahi" bloger, siyasətin əlifbasını belə öyrənməyə cəhd etməyən bu klaviatura fəallarının fəaliyyətinə şərait yaradırlarsa, elə özlərinə kələk gəlirlər. Azərbaycan ictimaiyyəti üçün bu mövzu ilə əlaqədar bütün məsələlər aydındır. Bu cür fəaliyyəti ölkələrində dəstəkləyən rəsmilər elə öz dövlətlərinə kələk gəlirlər, mahiyyətləri boşluq olan şəxslərə cangüdənlər, maliyyə ayırmaqla, mühafizə emtəklə öz vergi ödəyicilərinə kələk gəlirlər. Bu şəxslər sabah böyük məmnuniyyətlə elə Fransa və Almaniyanı da sata bilərlər. Hansı "dahi" şəxslər bu dar-dayaz ağıla malik şəxslərin fəaliyyətinə dəstək verirlərsə, elə  özləri burunlarının uclarından uzağı görmürlər. Lakin, düşünürəm ki, Berlində baş verənlər ibrətlik olacaq və onlar boş quyuya su tökdüklərini anlayacaqlar. Azərbaycan cəmiyyəti üçün bu şəxslər yumor, ironiya obyektinə və xəyanət rəmzinə çeviriliblər.  Etiraf etmək, asan olmur, xüsusən böyük miqdarda enerji, resurs xərclənən layihələr uğur gətirməyəndə. Bununla belə, Avropada hələ də  ifrat praqmatizm hakimdir və gec də olsa anlayacaqlar ki, bu şəxslərlə işləmək sayından asılı olmayaraq ədədi sıfıra vurmaqdır. Nəticə istənilən halda sıfır olacaq. 

Özlərini bloger, siyasi fəal kimi təqdim edən mühacirlərlə əlaqədar müzakirələr kölgədə qalan daha vacib bir sual üzərində düşünməyə vadar etdi. Bu şəxslər iqtidara, yoxsa dövlətə qarşı çıxırlar?  "Azərbaycan Bayrağını görəndə kədərlənirəm", "Qarabağda Artsax Respublikası var", -  deyənlər, iqtidara müxaliflik edirlər, yoxsa Azərbaycan dövlətinə? Düşünürəm ki, cavab geniş izah tələb etmir və hətta məktəblilər belə,  düşünmədən cavab verərlər - Azərbaycan dövlətinə. 

Ölkəmizin  II Qarabağ Müharibəsində tarixi zəfəri, Azərbaycanın qələbəsini həzm edə bilməyənlər, sanki  bu qələbəyə qarşı müxaliflik edirlər. Bu qələbənin  yaratdığı reallığı qəbul edə bilmirlər, çünki, bu reallıq onların ekrandan söylədiklərini tam təkzib edir. Bu onlar bu Qələbəni özlərinin MƏĞLUBİYYƏTİ kimi görürülər. Ən faciəli məqam məhz budur...Fransa, Almaniya, rəsmi Brüssel  artıq bu reallığı qəbul edir,  bu şəxslər indi heç sövdələşmə predmeti də deyil...

Zaur İbrahimli 

Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31