Moskvanın informasiya siyasətinə cavab: "Bakıdan birtərəfli güzəşt gözləmək absurddur" – ÖZƏL

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə iki ölkənin informasiya məkanındakı mənfi fondan narahatlığını bildirib və media əlaqələrinin inkişafını təklif edib. Ekspertlər Moskvanın bu addımını son dövrlər artan informasiya hücumları fonunda gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirir. Prezident İlham Əliyev isə IV Qlobal Şuşa Media Forumunda dialoqun bərpa olunduğunu və Bakının Rusiya ilə münasibətlərə önəm verdiyini diqqətə çatdırıb. 

Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, əgər Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan mətbuatından gileylənirsə, bu o deməkdir ki, o, Rusiyanın öz mətbuat orqanlarını ümumiyyətlə izləmir. Çünki Rusiya mətbuatında Azərbaycana qarşı qərəzli mövqe həmişə olduğu kimi davam edir. Üstəlik, son dövrlərdə bu qərəzli yanaşma daha da sərtləşərək böhtan xarakterli ittihamlar səviyyəsinə yüksəlib. Son vaxtlar Rusiyanın həm hakim siyasi dairələrindən, həm də mətbuatından Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar və yanaşmalar da müşahidə olunur. Bu da onu göstərir ki, əgər Rusiya xarici işlər naziri Azərbaycan mətbuatından narazıdırsa, ilk növbədə Rusiya mətbuatına diqqət yetirməli və orada Azərbaycanla bağlı hansı qərəzli, böhtan xarakterli və təhdid məzmunlu yazıların dərc olunduğunu görməlidir. Əslində, Rusiyanın xarici işlər nazirinin Rusiya mətbuatında yayımlanan Azərbaycan əleyhinə materiallardan xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Çünki Rusiya mətbuatında Azərbaycan da daxil olmaqla postsovet ölkələri haqqında dərc edilən qərəzli materialların əksəriyyətinin Kremlin siyasi sifarişi əsasında yayımlandığına dair ciddi şübhələr mövcuddur. Bu baxımdan söhbət Kremlin həm Azərbaycana, həm də digər postsovet ölkələrinə qarşı apardığı informasiya siyasətindən gedir. Ona görə də demək olar ki, problem Azərbaycanda deyil, Rusiyadadır. Kreml istəyir ki, Rusiya mətbuatı Azərbaycana qarşı bütün istiqamətlər üzrə şər, böhtan və təhdid məzmunlu materiallar yaysın, amma Azərbaycan mətbuatı Rusiyanı yalnız müsbət şəkildə təqdim etsin. Bu isə həm absurd, həm də məntiqsiz yanaşmadır və Sergey Lavrovun açıqlamalarında da öz əksini tapır.

Ekspertin sözlərinə görə, yaxın gələcəkdə Kreml tərəfindən Rusiya mətbuatına Azərbaycanla bağlı materiallara daha ehtiyatlı yanaşılması barədə müəyyən göstərişlərin verilməsi də mümkündür. Çünki belə bir imkan məhz Kremlin əlindədir. Azərbaycana qarşı aparılan informasiya kampaniyasının əsas qaynağı da elə Kremlin özüdür. Buna görə də bu kampaniyanın zəiflədilməsi və ya dayandırılması imkanları da birbaşa Kremlin iradəsindən asılıdır. Rusiya mətbuatında Azərbaycana qarşı dərc olunan təhdidkar və qərəzli materiallar dolayısı ilə Kremlin rəsmi mövqeyini ifadə edir. Bütün bunlar onu göstərir ki, Rusiya əvvəlki kimi neoimperialist siyasətini davam etdirməyə, postsovet məkanında təzyiq və təhdid siyasətini qoruyub saxlamağa çalışır. Lakin bununla yanaşı, Kreml postsovet ölkələrinin bu prosesləri obyektiv şəkildə işıqlandırmasını da qəbul etmək istəmir. Yəni Rusiyanın məqsədi birtərəfli informasiya savaşı aparmaqdır. Ancaq müasir dünyada belə bir model artıq işləmir. Rusiya postsovet ölkələrinə hansı üsullarla və hansı vasitələrlə informasiya hücumları həyata keçirəcəksə, böyük ehtimalla həmin ölkələr də eyni formada buna cavab verməyə davam edəcəklər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31