"Ukrayna poliqona çevrilib" – Müharibənin taleyini kimlər həll edir? – ÖZƏL
20 İyul 16:33 SiyasətUkrayna Rusiyanın müxtəlif regionlarına genişmiqyaslı PUA hücumları həyata keçirib. Son gecə baş verən zərbələr nəticəsində Moskva vilayətində dağıntılar qeydə alınıb, Tambovdakı logistika mərkəzində isə çoxsaylı ölü və yaralıların olduğu bildirilir.
"Hərbi-sənaye kompleksi zaman-zaman təkmilləşir, yeni silahlar meydana gəlir. Biz bunun nəticəsini 44 günlük Vətən müharibəsində gördük. Azərbaycanın Vətən müharibəsində dronlardan istifadə taktikası sonradan NATO-nun mərkəzi qərargahında və təlim mərkəzlərində öyrənilməyə başladı. Hazırda isə Rusiya-Ukrayna münaqişəsində bu silahlardan maksimum dərəcədə istifadə olunur".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, dronların əldə edilməsi həm maliyyə baxımından daha ucuz başa gəlir, həm də döyüş əməliyyatlarında yüksək effektivlik nümayiş etdirir. Ümumilikdə yeni silahların, xüsusilə də elektron mübarizə vasitələrinin və pilotsuz uçuş aparatlarının (PUA) müxtəlif növlərinin inkişafı hərb tarixində yeni bir mərhələ formalaşdırıb. Tarix boyu ənənəvi silahlardan istifadə olunub. Lakin hazırda dronlar vasitəsilə hərbi üstünlüyün əldə edilməsi yeni müharibə konsepsiyasına çevrilib. Artıq demək olar ki, bütün dövlətlər bu sistemə keçməyə çalışır, onu öyrənir və tətbiq edir. Məsələ burasındadır ki, Rusiya-Ukrayna münaqişəsində faktiki olaraq NATO blokuna daxil olan dövlətlər də müxtəlif formalarda iştirak edirlər. Onlar həm hərbi yardım göstərir, həm də müdafiə sahəsində praktiki təlimlər keçərək öz imkanlarını gücləndirir və yeni təcrübə qazanırlar. Nəticə etibarilə ən böyük ziyanı Ukrayna xalqı çəkməkdədir. Statistik məlumatlara görə, Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir. Günbəgün Rusiyanın hərbi qüvvələri Ukraynanın dərinliklərinə doğru irəliləyir. Baxmayaraq ki, Ukrayna dronlar vasitəsilə Rusiyanın müxtəlif sənaye obyektlərinə zərbələr endirir, Rusiya geri çəkilmək niyyətində deyil. Müşahidələr göstərir ki, Qərbin dəstəyi ilə Rusiyanın dərinliklərində yerləşən müəyyən obyektlərə zərbələr endirilməsi Rusiyanı geri çəkilməyə məcbur etmir. Rusiya daxilində sənaye və digər obyektlərə hücumlar davam etsə də, fakt odur ki, Rusiya hər gün Ukraynanın yeni yaşayış məntəqələrini nəzarətə götürür. Rusiya şəhərləri, kəndləri və yaşayış məntəqələrini ələ keçirməkdə davam edir və bu proses hər gün davam edir. Düzdür, bu, regional müharibə deyil. Bu, qlobal xarakter daşıyan bir münaqişədir. Bu, təkcə Rusiya ilə Ukrayna arasında gedən savaş deyil. Bu, Rusiya ilə NATO bloku arasında gedən qarşıdurmadır və Ukrayna bu qarşıdurmanın əsas poliqonuna çevrilib. NATO ölkələri müxtəlif vasitələrlə, həm müasir, həm də ənənəvi silahlarla bu münaqişədə praktiki iştirak edirlər. Rusiyanın dərinliklərində yerləşən zavodların, fabriklərin və digər obyektlərin Ukrayna dronları tərəfindən vurulması müəyyən hərbi nəticələr yaratsa da, bu, Rusiyanın işğal etdiyi ərazilərdən geri çəkilməsi anlamına gəlmir. Rusiya praktiki olaraq nəzarətə götürdüyü ərazilərdən geri çəkilmək niyyətində deyil. Bunu ABŞ rəhbərliyi ilə Rusiya rəhbərliyi arasında aparılan danışıqlar da göstərdi. Rusiya münaqişənin əvvəlindən irəli sürdüyü və işğal etdiyi ərazilər fonunda formalaşdırdığı şərtlər qəbul edilməyincə, münaqişənin praktiki həllinin mümkün olmadığını bildirir. Ukrayna tərəfi isə hesab edir ki, Rusiya işğal etdiyi torpaqlardan geri çəkilməlidir. Lakin bu, mövcud reallıqda qeyri-mümkün görünür. Çünki Rusiya bu müharibədə yüz minlərlə insan itkisi verib, milyardlarla vəsait xərcləyib. Belə bir şəraitdə, işğal etdiyi ərazilər nəzarəti altında olduğu halda, bu qədər itkilərdən sonra geri çəkilməsi real görünmür. Məsələnin beynəlxalq hüquq müstəvisində həlli çətin görünür. Bu problemin həlli daha çox mövcud siyasi reallıqlara uyğun şəkildə öz əksini tapa bilər. Çünki dünya siyasəti hər zaman yalnız beynəlxalq hüquqla deyil, eyni zamanda güc amili ilə də tənzimlənir. Bunu Venesuelada, İranda və dünyanın müxtəlif bölgələrində baş verən hadisələr zamanı da müşahidə etmişik. Bu səbəbdən Rusiya işğal etdiyi ərazilərdən geri çəkilmək niyyətində deyil. Ukrayna isə Rusiyanın irəli sürdüyü şərtləri qəbul etmir. Nəticədə münaqişə uzanmaqda davam edir.
Ekspertin fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski bu müharibənin taleyini təkbaşına müəyyən edən şəxs deyil. Çünki münaqişənin arxasında böyük qlobal güclər dayanır. Bu baxımdan Zelenski Qərbin siyasəti çərçivəsində hərəkət edən əsas fiqurlardan biri kimi qiymətləndirilir. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ildə, müharibənin ilk mərhələsində İstanbul danışıqları çərçivəsində müəyyən razılaşmalar əldə olunmuşdu. Həmin razılaşmalar həyata keçirilsəydi, müharibənin daha erkən mərhələdə başa çatması mümkün ola bilərdi və Ukrayna bu qədər ağır itkilərlə üzləşməzdi. Lakin sonradan Fransa rəhbərliyi və Böyük Britaniyanın o zamankı Baş naziri Boris Consonun mövqeyi nəticəsində Ukrayna həmin razılaşmadan imtina etdi. Nəticədə artıq beş ilə yaxındır ki, müharibə davam edir və bundan ən çox zərər çəkən Ukrayna xalqıdır.
"Bir daha qeyd edirəm ki, Ukrayna dronları Rusiyanın dərinliklərində müxtəlif obyektlərə zərbələr endirsə də, bu, Rusiyanın məğlubiyyəti və ya geri çəkilməsi anlamına gəlmir. Bu, qlobal xarakter daşıyan bir müharibədir və qarşılıqlı itkilər mövcuddur. Statistik göstəricilər də bunu təsdiqləyir. Lakin nəticə etibarilə Rusiyanın hərbi qüvvələri Ukraynanın dərinliklərinə doğru irəliləməyə davam edir. Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir və siyasi şərtlərini diktə etməkdədir. Bu baxımdan Rusiyanın həm hərbi, həm də siyasi müstəvidə üstün mövqedə olduğunu qəbul etmədən münaqişənin həllinə nail olmaq çətin görünür", - deyə siyasi şərhçi əlavə edib.
Səidə Ramazanova