Azərbaycan Rusiya ilə hansı halda münasibətiləri yaxşılaşdıra bilər?- ÖZƏL

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfərini Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukraynaya səfəri kontekstində qiymətləndirmək daha doğru olardı. Son dövrlərdə Ukraynanın müharibəni faktiki olaraq Rusiya ərazisinə daşıması, Krımı müəyyən mənada adaya çevirməsi, Azov və Qara dənizdə Rusiyanın hərbi imkanlarına, eləcə də kölgə donanmasına ciddi zərbələr endirməsi fonunda Ceyhun Bayramovun Moskva, Hakan Fidanın isə Kiyev səfərlərinin bir-biri ilə əlaqəli olması ehtimalı kifayət qədər yüksəkdir.
Ukraynanın hərbi baxımdan təşəbbüsü ələ keçirməsi Rusiya ilə Ukrayna arasında danışıqların yenidən gündəmə gəlməsi ehtimalını artırır. Bu danışıqlarda vasitəçilik missiyasının Türkiyənin üzərinə düşməsi və həm Moskvanın, həm də Kiyevin Vladimir Putinlə Volodimir Zelenskinin Türkiyədə mümkün görüşü ilə bağlı verdiyi açıqlamalar Hakan Fidanın Ukraynaya səfərinin əsas məqsədlərindən olma ehtimalını artırır. Fidanın həm də Prezident Volodimir Zelenski ilə keçirdiyi görüşlər də bu kontekstdə dəyərləndirilə bilər.
Eyni zamanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri Bakının da bu prosesdən kənar olmadığına kifayət qədər əsas verir. Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan və Türkiyənin xarici siyasətdə daim koordinasiya və məsləhətləşmə mexanizmi əsasında hərəkət etdiyini nəzərə alsaq, Ankara və Bakının paralel diplomatik fəaliyyətinin ümumi siyasi razılaşmalara uyğun strategiya üzərində qurulduğu qənaətinə gəlmək olar.
Son dövrlər Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik fonunda Ceyhun Bayramovun Moskva səfəri və 2026-2027-ci illər üçün xarici siyasət məsləhətləşmələri planının imzalanması, əlbəttə ki, diplomatik münasibətlərin bərpası istiqamətində müəyyən addım kimi qiymətləndirilə bilər. Lakin bu sənəd və görüşlərlə bağlı Rusiya tərəfinin müttəfiqlik münasibətlərinə dair verdiyi mesajlar daha çox formal xarakter daşıyır və real vəziyyəti tam əks etdirmir.
İki müttəfiq dövlətin XİN rəhbərlərinin müharibə edən Ukraynaya, həm də Rusiyaya səfərlərinin əsas geosiyasi məzmunu Rusiya-Ukrayna müharibəsinin siyasi həlli istiqamətində aparılan diplomatik proseslərlə bağlıdır. Moskvanın Ceyhun Bayramov və Sergey Lavrovun görüşündən sonra verdiyi bəyanatlar isə daha çox Azərbaycanla münasibətlərin isti və sabit olduğu görüntüsünü yaratmağa hesablanıb. Halbuki mövcud reallıqda Rusiya-Azərbaycan münasibətlərinin əvvəlki müttəfiqlik səviyyəsinə qayıtması üçün ciddi siyasi əsaslar hələ yoxdur.
Söz yox ki, gələcəkdə Rusiya ilə münasibətlərin normallaşması Rusiya ilə Ukrayna arasında mümkün siyasi razılaşmaların, Türkiyənin vasitəçilik missiyasının nəticə verməsinin də təsiri ola bilər.
Ancaq Azərbaycanın və Türkiyənin Rusiya ilə münasibətləri hazırkı siyasi dövrdə əsasən Zəngəzur dəhlizinin (TRIPP) açılışı və Rusiyanın layihəyə hər vəchlə qoşulma cəhdinin nəticəsindən asılıdır.
Moskva üçün bu layihələrdə iştirak heç də iqtisadi deyil, geosiyasi və strateji əhəmiyyət daşıyır ki, region ölkələrinə bu və ya digər təsir imkanları qazanmaqla Rusiyanın regionda böyük dövlət statusunu qoruyan mühüm vasitələrdən biri ola bilər. Əlbəttə ki, Rusiyanın layihədə iştirakı, xüsusən də təhlükəsiz keçidlə bağlı kiçik də olsa rol qazanması gələcək təxribat ehtimalını artırır ki, bu da Ermənistan-Azərbaycan münasibətlərini yenidən gərgin müstəviyə gətirə bilər. Necə ki, 29 iyul 1989-cu ildə Azərbaycandan Ermənistana gedən qatarlar Ermənistan ərazisində silahlı basqınlara məruz qaldığı üçün onların hərəkəti dayandırıldı.
Rusiya-Azərbaycan münasibətlərinin normallaşması yalnız bəyanatlar və diplomatik jestlərlə mümkün deyil. Bu münasibətlərin real şəkildə bərpası Rusiyanın müdaxilə imkanı olmadan Zəngəzur dəhlizinin (TRIPP) açılmasından sonra və paralel olaraq Ermənistan-Rusiya və Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafından, böyük ölçüdə isə geosiyasi proseslərdən asılı olacaq. Rusiya üçün Ukrayna müharibəsi artıq taleyüklü ağırlıq alıb.
Vüqar Dadaşov 
 hüquqşünas.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31