Zəngəzur dəhlizində ABŞ və Ermənistan imzası: Layihə kimə nə qazandıracaq? – ÖZƏL
16:04 SiyasətErmənistan Nazirlər Kabineti iyulun 16-da İrəvan ilə ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP - Zəngəzur dəhlizi) layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini təsdiqləyib. Sənəd ratifikasiya üçün növbəti mərhələdə Konstitusiya Məhkəməsinə və parlamentə göndəriləcək. Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın suverenliyinə tam hörmətlə icra olunacaq layihə çərçivəsində investisiya cəlbi üçün "TRIPP+" şirkəti yaradılıb. 49 illik müqavilə müddəti bitdikdən sonra Ermənistanın bu şirkətdəki payı 26%-dən 49%-ə qaldırıla bilər.
"Burada söhbət Ermənistanın hər hansı borclanmasından və ya 49 il müddətində iqtisadi asılılığa düşməsindən getmir. Söhbət regional bir layihədən gedir. Bu layihənin icrası üçün ABŞ artıq maliyyə dəstəyi ayıracağını açıqlayıb. Eyni zamanda layihədə logistik baxımdan iştirak edəcək ölkələr də investisiya qoyacaqlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. Ekspert bildirib ki, layihə icra olunub başa çatdıqdan və dəhliz istifadəyə verildikdən sonra həmin dəhlizdən istifadəyə görə həm Ermənistan, həm də layihənin digər iştirakçı dövlətləri tranzit haqları əldə edəcəklər. Buna görə də burada Ermənistanın hər hansı bir asılılığından, yaxud qısa müddətdə milyardlarla dollar vəsait qazanmasından söhbət getmir. Layihə üzrə əsas öhdəlik də təkcə Ermənistanın üzərində deyil. Bu layihə daha çox Azərbaycanın müəllifliyi ilə irəli sürülmüş təşəbbüsdür. Azərbaycan öz üzərinə düşən hissəni, yəni Şərqi Zəngəzurdan keçən müvafiq nəqliyyat-tranzit xətlərini demək olar ki, tamamlamaq üzrədir. Eyni zamanda Ələt Beynəlxalq Ticarət Limanında aparılan işlər də yekunlaşmaq üzrədir. Bundan sonra Naxçıvan ərazisindən keçəcək hissənin maliyyələşdirilməsini də Azərbaycan öz üzərinə götürəcək. Qalan hissələrdə isə Amerika şirkətlərinin, Ermənistanın və digər ölkələrin, o cümlədən Fransanın layihənin icrasında iştirakı gözlənilir. Bu baxımdan söhbət Ermənistanın milyardlarla dollar vəsait tapmasından və ya böyük maliyyə öhdəliyi götürməsindən deyil, layihənin birgə şəkildə reallaşdırılmasından gedir. 49 ildən sonra isə layihənin idarə olunması və istifadəsi ilə bağlı müqavilə ya uzadıla, ya da yenidən nəzərdən keçirilə bilər. Bu zaman layihənin müəllifləri, icraçıları və öhdəlikləri də dəyişdirilə bilər.
İqtisadçının sözlərinə görə, hazırkı mərhələdə Ermənistan bu şirkəti yaratmaqla ABŞ-dən müvafiq dəstək alır, eyni zamanda Avropanın da dəstəyinə arxalanır. Böyük ehtimalla Asiyanın Orta Dəhlizdən istifadə etmək və Avropa bazarlarına çıxmaqda maraqlı olan ölkələri də layihədə iştirak edəcəklər. Xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistanın bu layihənin icrasında iştirak edəcəyi və onun reallaşdırılması üçün investisiyalar ayıracağı ehtimal olunur. Bu baxımdan, söhbət Ermənistanın hər hansı borclanmasından və ya maliyyə öhdəliyi götürməsindən deyil, beynəlxalq tərəfdaşların iştirakı ilə həyata keçiriləcək regional layihənin icrasından gedir.
Səidə Ramazanova