Azərbaycan orta güc mərkəzinə çevrilib

Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzi kimi mövqeyini gücləndirə bilər

Artıq təkcə ölkəmizin paytaxtı Bakı şəhəri deyil,  işağldan azad olunmuş ərazilərimiz də ən yüksək səviyyədə beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarındadır. Dünyanın ən müxtəlif ölkələrinin ali rəhbərləri Qarabağda qarşılanır, qlobal beynəlxalq məsələlər müzakirə edilir, bəşəriyyəti narahat edən siyasi, iqtisadi və humanitar problemlərdən çıxış yolları axtarılır. Bu isə təsadüfi deyil, otuz il işğal altında qalan torpaqlarımız azad olunduqdan sonra yaradılan infrastruktur və aparılan bərpa-quruculuq işləri, eləcə də Azərbaycanın əldə etdiyi təcrübə bunun üçün münbit şərait yaradır. Elə Şuşada keçirilən IV Qlobal Media Forumunda iştirakçıların sayı, qonaqların tərkibi və çoğrafiyası fikrimizi bir daha təsdiq edir. 

Onu da qeyd edək ki, sözügedən Forumun təşkilində niyyət  Azərbaycan həqiqətlərini, qlobal regional və dünyəvi proseslərə dövlətimizin baxışını beynəlxalq auditoriyaya çatdırmaqdır. Məhz bu amil nəzərə alınaraq 2023-cü ildəki I Şuşa Qlobal Media Forumunda postmünaqişə reallıqları, gedən quruculuq və separatizmə qarşı sərt xəbərdarlıqlar üstünlük təşkil etdi. Dövlətimizin başçısı Ermənistana və havadarlarına xəbərdarlıq etdi ki, Qarabağdakı separatçı rejimin sülh gündəliyindən yayınmaq cəhdləri onlar üçün ağır nəticələnəcək. Ölkəmizin suverenliyinin tam bərpasından sonra keçirilən 2024-cü il II Şuşa Qlobal Media Forumunda əsas hədəf 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatını qərəzli təqdim edən Qərb institutlarını və mediasını ifşa  idi. Məhz bu forumda birmənalı şəkildə bildirildi ki, Azərbaycanla Ermənistan arasında qarşıdurmanın hərbi səhifəsinə son qoyulub. 2025-ci ildə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin beynəlxalq auditoriyaya çatdırmaq istədiyi əsas mesajlardan biri torpaqlarımız üzərində suverenliyimizə necə yanaşırıqsa, milli informasiya məkanının suverenliyinə də o cür yanaşacağımız idi. Həmin forumun panel və görüşlərinin bir hissəsinin Xankəndidə təşkil edilməsinin özü bunun nə demək olduğunu ən təsirli şəkildə ortaya qoyurdu. 2025-ci il forumunda Minsk qrupunun buraxılması zərurəti daha qətiyyətlə qabardıldı və məqsədə nail olundu.
2026-cı il forumunda isə  Azərbaycan artıq regionda dayanıqlı və ədalətli sülhü təmin edən, orta gücə çevrilən dövlət qismində çıxış etdi. Bu baxımdan, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri uzunmüddətli perspektivdə yalnız gündəlik siyasi bəyanatlar kimi deyil, Azərbaycanın xarici siyasəti, regional təhlükəsizlik, iqtisadi inkişaf və informasiya strategiyasının əsas istiqamətləri kimi də qiymətləndirilə bilər. Bu istiqamətdə olan fikirlərin dövlət başçısının dilindən məhz Şuşada səsləndirilməsi ona dəlalət edir ki, Forumun Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi təsadüfi deyil. Bu, bir neçə strateji mesaj verir: Şuşa artıq yalnız mədəniyyət paytaxtı deyil, beynəlxalq siyasi dialoq platforması kimi təqdim olunur. Azərbaycan Qarabağın ölkənin siyasi, iqtisadi və diplomatik həyatına tam inteqrasiyasını nümayiş etdirməyə çalışır. Uzunmüddətli perspektivdə Şuşanın beynəlxalq konfranslar və media tədbirləri üçün regional mərkəzə çevrilməsi hədəflənir. Bu yanaşma Azərbaycanın post-münaqişə dövründə legitimlik və beynəlxalq görünürlük siyasətinin tərkib hissəsi kimi görünür. Prezidentin çıxışlarında əsas xətt Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması idi. Uzunmüddətli baxımdan bu mesajlar aşağıdakı məqsədlərə işarə edir: regionda xarici güclərin təsirinin nisbətən azalması; Azərbaycan, Ermənistan və Gürcüstan arasında regional əməkdaşlıq imkanlarının artırılması; Türkiyə ilə strateji müttəfiqliyin daha da dərinləşməsi; Orta Dəhlizin (Transxəzər marşrutu) geosiyasi əhəmiyyətinin artırılması. Rəsmi Bakı hesab edir ki, bu strategiya uğurla davam etdirilərsə, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən biri kimi mövqeyini gücləndirə bilər.

Prezidentin mesajlarında sülh müqaviləsi məsələsi mühüm yer tuturdu ki, uzunmüddətli perspektivdə burada üç ssenari görünür. Ölkəmizin bəyan etdiyi bu ssenarilər ondan ibarətdir ki, sülh müqaviləsi imzalanır, sərhədlərin delimitasiyası başa çatır, iqtisadi əməkdaşlığa start verilir. Ancaq, hələ ki, bunun reallaşması üçün hələ ki, siyasi gərginlik qalır. Regional və beynəlxalq amillər sülh prosesini ləngidir və münasibətlər qeyri-sabit qalır. Bunu nəzərə alan Azərbaycan beynəlxalq aləmə çatdırır ki, nəticələri əldə etmək təkcə bizim siyasətindən deyil, Ermənistanın daxili siyasətindən və beynəlxalq mühitdən də asılıdır.

Məhz bu kimi amilləri nəzərə alsaq deyə bilərik ki, Forumun media platforması olması təsadüfi deyildi. Forumda informasiya müharibəsi və media barədə səslənən fikirlər Azərbaycanın niyyətini ortaya qoyur. Beləliklə, Azərbaycan istəyir ki, beynəlxalq mediada öz narrativini gücləndirsin, rəqəmsal diplomatiyası daha da aktivləşsin, dezinformasiyaya qarşı mübarizə dövlət siyasətinin mühüm elementi kimi saxlanılması. Bu baxımdan, uzunmüddətli perspektivdə informasiya təhlükəsizliyi ənənəvi hərbi təhlükəsizlik qədər vacib sahə kimi təqdim olunur. IV Şuşa Qlobal Media Forumunda səsləndirilən mesajlar Azərbaycanın post-münaqişə dövründə özünü regional lider, etibarlı enerji və nəqliyyat tərəfdaşı, həmçinin beynəlxalq informasiya məkanında daha fəal aktor kimi mövqeləndirmək niyyətini əks etdirir. Buna görə də forumda səslənən mesajları həm Azərbaycanın strateji prioritetlərinin ifadəsi, həm də gələcək siyasi proseslər üçün istiqamətverici çərçivə kimi nəzərdən keçirmək olar. 
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31