ABŞ-İran müharibəsinin bitməsinə kimlər maneə olur?- ÖZƏL
11:58 SiyasətƏlimusa İbrahimov: "Yaxın günlərdə yenidən danışıqlar başlanacaq"
"Bu gün bütün diqqətlər yenə də Yaxın Şərqdədir. Müharibənin yenidən başlanması ehtimalı həm region ölkələrini, həm də bütün dünyanı ciddi narahat edir. Ümid olunurdu ki, NATO-nun Türkiyədəki sammitindən sonra vəziyyət bir qədər sakitləşəcək, Trampın İrana dəfn mərasimini həyata keçirmək üçün verdiyi vaxtdan sonra danışıqlar yenidən bərpa olunacaq. Amma belə olmadı, atəşkəs yenidən pozuldu və tərəflər qarşılıqlı surətdə bir-birinə raket zərbələri endirməyə başladılar". Bunu "Olaylar"a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib: "İndi yaranmış vəziyyət ciddi şəkildə narahatverici haldır. Çünki dünya dövlətləri sakitliyin, sülh danışıqları prosesinin davam etməsini gözlədiyi halda müharibə birdən-birə başladı. Amma "İranla Amerika Birləşmiş Ştatları arasında müharibə yenidən başlayırmı" sualına suala cavab vermək çətindir. Çünki bu gün Tramp İranı yenidən hədələyirsə və yenidən raket zərbəsi endirməyə başlamasını deyirsə, bu heç də o demək deyil ki, həqiqətən Amerika Birləşmiş Ştatları prezidenti dediyinə əməl edəcək. Ona görə ki, bu vaxta qədər də Tramp dəfələrlə İranı hədələmişdi, hətta yerlə-yeksan edəcəyi barədə bəyanatlar vermişdi, amma sonradan danışıqlar prosesinin başlanmasının şahidi olduq".
Onun sözlərinə görə, bu gün Amerika Birləşmiş Ştatlarının İrana qarşı tam gücü ilə müharibənin başlanması inandırıcı deyil: "Əslində, nə Amerika Birləşmiş Ştatları nə də İran müharibənin başlanmasını istəmirlər. Sadəcə bu gün qarşıdurmanın davam etməsi, yaxud da ki, qarşılıqlı zərbələrin endirilməsi tərəflərin heç birinin güzəştə getməməsi ilə əlaqədardır. Tərəflər güzəştə getmək fikrində deyillər və elə hesab edirlər ki, qarşı tərəf zəifdir. Yəni, İran hesab edir ki, Amerika Birləşmiş Ştatları zəifləyib, yenidən müharibə aparmaq iqtidarında deyil, yaxud da bu və ya digər səbəblərdən müharibəyə başlamayacaq. Öz növbəsində Amerika Birləşmiş Ştatları da İranın zəif düşdüyünü və Amerika Birləşmiş Ştatlarının istədiyinə tabe olacağını düşünür. Və qarşılıqlı güzəştə getməmə bugünkü hadisələrin baş verməsinin əsas səbəbinə çevrilir. Düşünirəm ki, yenə də Trampın hədələrinə, Trampın bəyanatlarına baxmayaraq, Amerika Birləşmiş Ştatları ictimaiyyətin müharibə tərəfdarı deyil. Amerika Birləşmiş Ştatlarında Trampın vəziyyəti, yaxud da ki, ictimai-siyasi vəziyyət o haldadır ki, Tramp müharibəyə getməkdə maraqlı deyil".
Maraqlıdır, bu halda baş verən atəşlər, endirilən zərbələr kimə və nəyə lazımdır? Politoloq hesab edir ki, bugünkü zərbələr İranı yenidən danışıqlar masasına oturmağa məcbur etməkdən başqa bir şey deyil: "Yaxın günlərdə məhz danışıqlarda əldə olunmuş 60 günlük baza prinsiplərinə uyğun olaraq yenidən danışıqlar başlanacaq. Amerika Birləşmiş Ştatlarının çox ciddi bir problemi var, bu problem İsrail problemidir. Amerika Birləşmiş Ştatlarının özündən olsaydı çoxdan müharibəni bitirmişdi. Müharibənin bitirilməsinə mane olan həm İsrail dövləti, həm də ABŞ-da olan İsrail-yəhudi lobbisidir. Yəhudi lobbisi və İsrail İranı bu vəziyyətdə buraxmaq istəmir, hesab edirlər ki, bu, sonradan İsrail dövləti üçün çox ciddi problem olacaq. Həm də nəinki İsrail dövləti üçün, o cümlədən Yaxın Şərqdə olan ərəb dövlətləri üçün. Ona görə, həm İsrail, həm də Yaxın Şərq və Körfəz ölkələri müharibənin davam etdirilməsində və İranı sona qədər təslim olmağa məcbur etməkdən maraqlıdırlar. Onlar düşünürlər ki, İran indiki şəraitdə sərbəst buraxılarsa və üstəlik 14 maddəlik razılaşmada nəzərdə tutulan əvəzlər İrana verilərsə, təbii ki, bu İranın möhkəmlənməsində və regionun nüvə dövlətinə çevrilməsinə səbəb olacaq. Məhz bütün bunları düşünən Yaxın Şərq və Körfəz ölkələri İsrailin İrana hücumların davam etdirilməsində maraqlıdırlar və Amerika Birləşmiş Ştatlarını da buna məcbur etməyə çalışırlar.
Amma yenə də qeyd edirəm ki, bütün bunlara baxmayaraq, İsrailin Amerika Birləşmiş Ştatlarına təzyiq etməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatları, o cümlədən də Tramp müharibənin yenidən başlanmasında ciddi şəkildə maraqlı deyil. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları İranın İsrail istədiyi səviyyədə dağıdılmasında maraqlı deyil. Amerika Birləşmiş Ştatları İranın elə bu formada qalmasında maraqlıdır ki, məhz bu da onun İrana hücum etməsinin qarşısını alır".
Alim Hüseynli