TDT “Vahid türk rəqəmsal məkanı” yolunda
12:31 Siyasət"Süni intellekt və rəqəmsal inkişaf" sammiti "Vahid türk rəqəmsal məkanı"nın yaradılmasına təkan verəcək.
Bu ərəfədə keçirilən Türk Dövlətləri Təşkilatının "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunda sammiti formal texnologiya tədbiri deyildi. Bu sammit Türk dünyasının yeni geosiyasi dövrdə öz yerini müəyyənləşdirmək cəhdidir. Bu türk rəqəmsal sivilizssiyası yaradılmasının start mərhələsidir.
XXI əsrdə dövlətlərin gücü artıq yalnız hərbi potensialla, təbii sərvətlərlə, coğrafi mövqe ilə müəyyən olunmur. Müasir dünyada əsas güc informasiya, data, süni intellekt, rəqəmsal platformalar, texnoloji suverenlik üzərində qurulur. Bu baxımdan "Türk rəqəmsal məkanı" ideyası sadəcə texnoloji layihə deyil, bu ortaq mədəni, intellektual, iqtisadi, geosiyasi rəqəmsal ekosistem qurmaq konsepsiyasıdır. Bu ideyanın əsas məqsədi Türk dövlətləri arasında vahid rəqəmsal platformalar, ortaq data infrastrukturu, süni intellekt sistemləri, rəqəmsal təhsil, media və kommunikasiya məkanı yaratmaqdır. Əslində bu ideya "Türk dünyasının rəqəmsal inteqrasiyası" modelidir.
"Türk rəqəmsal məkanı" niyə vacibdir? Bu gün dünya rəqəmsal imperiyalar dövrünə daxil olur. Ən böyük təsir gücünə malik strukturlar sosial şəbəkələr, SI platformaları, axtarış sistemləri, data mərkəzləri, rəqəmsal media platformalarıdır. Əgər bir sivilizasiya öz rəqəmsal platformasına, öz Sİ sistemlərinə, öz informasiya məkanına malik deyilsə, uzun müddətdə texnoloji asılılıq, informasiya asılılığı, mədəni təsir altına düşə bilər. Bu səbəblərdən Türk dünyası üçün ortaq rəqəmsal məkan strateji zərurətə çevrilir.
"Türk rəqəmsal məkanı" nələri əhatə edə bilər? "Türk rəqəmsal məkanı" yaradılması prosesində təhsilin inkişafı, rəqəmsallaşması və transformasiyası istiqamətində bir sıra ciddi məsələlər həll edilə bilər.
1. Ortaq rəqəmsal təhsil platforması. Türk dövlətləri ortaq LMS sistemi, Sİ əsaslı təhsil platforması, rəqəmsal universitet şəbəkəsi yarada bilər. Burada Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətlərinin universitetləri inteqrasiya oluna bilər. Bu platformada ortaq kurslar, virtual laboratoriyalar, Sİtutorlar, çoxdilli təhsil sistemi yaradıla bilər. Bu artıq "Türk Universiteti 5.0 modeli" ola bilər.
2. Türk Sİmodeli və dil texnologiyaları. Bu gün böyük Sİ sistemlərinin əksəriyyəti ingilis dili, Qərb informasiya bazası üzərində qurulub. Türk dünyasının isə öz dil korpusu, öz Sİmodeli, öz semantik bazası yaradılmalıdır. Bu sistem türk dillərində işləyən, ortaq mədəni konteksti anlayan, milli-mədəni dəyərləri qoruyan Sİplatforması ola bilər. Bu "Türk süni intellekt ekosistemi" deməkdir.
3. Ortaq rəqəmsal media məkanı. Türk dünyasının ortaq xəbər platformaları, rəqəmsal TV sistemləri, media analitika platformaları yaradıla bilər. Çünki informasiya müharibələri dövründə media, sosial platformalar, rəqəmsal kommunikasiya strateji təhlükəsizlik məsələsidir. Türk dövlətləri ortaq media data mərkəzi, Sİəsaslı dezinformasiya analizi sistemi qura bilər.
4. Türk bulud və data mərkəzləri. Müasir dövrdə "Data neftdən daha strateji resursdur." Əgər data xarici platformalarda saxlanılırsa, xarici Sİsistemləri tərəfindən analiz edilirsə,
rəqəmsal asılılıq yaranır. Bu səbəbdən ortaq Türk cloud infrastrukturu, regional data mərkəzləri, kibertəhlükəsizlik platformaları yaradılmalıdır.
5. Türk rəqəmsal iqtisadiyyat platforması. Türk dövlətləri rəqəmsal ticarət, maliyyə texnologiyaları, blokçeyn, ortaq startap ekosistemi yarada bilər. Bu iqtisadi inteqrasiyanı, texnoloji əməkdaşlığı, innovasiya axınını gücləndirər.
6. Türk rəqəmsal mədəniyyət məkanı. Rəqəmsal dünya yalnız texnologiya deyil, həm də mədəniyyət məkanıdır. Türk dünyasının rəqəmsal kitabxanası, ortaq media arxivi, Sİ əsaslı tərcümə sistemləri, virtual muzeyləri yaradıla bilər. Bu ortaq mədəni yaddaşı qoruyar, gənc nəsillər arasında inteqrasiyanı gücləndirər.
Bu layihənin əsas problemləri nə ola bilər?
Texnoloji fərqlər. Türk dövlətlərinin rəqəmsal inkişaf səviyyəsi fərqlidir.
Ortaq standartların olmaması. Platformalar və sistemlər arasında uyğunluq problemi yarana bilər.
Dil və əlifba fərqləri. Türk dillərinin rəqəmsal standartlaşdırılması lazımdır.
Kibertəhlükəsizlik. Ortaq platformalar ciddi təhlükəsizlik sistemi tələb edir.
Siyasi koordinasiya. Uzunmüddətli strateji koordinasiya vacibdir.
Bu layihə necə reallaşa bilər?
1. Türk Rəqəmsal Strategiyası hazırlanmalıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində 10-20 illik rəqəmsal inkişaf strategiyası hazırlana bilər.
2. Türk Sİ Konsorsiumu yaradılmalıdır. Universitetlər və texnologiya şirkətləri ortaq Sİ modelləri, dil texnologiyaları, learning analytics sistemləri üzərində işləyə bilər.
3. Ortaq təhsil ekosistemi qurulmalıdır. Prezident İlham Əliyev TDT ölkələrinin sammitində qeyd etmişdi: "Azərbaycan rəqəmsal suverenliyin möhkəmləndirilməsini və innovasiya əsaslı iqtisadiyyata keçidi strateji prioritet hesab edir. Dövlət başçısının sözlərinə görə, bu istiqamətdə həyata keçirilən institusional islahatlar və irimiqyaslı layihələr ölkənin regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsinə xidmət edir."
Bu hədəflərə çatmaqda milli təhsil sistemimizin qarşısında çox böyük vəzifələr durur. Təəssüf ki, bizim univeritetlər bir çox TDT ölkələrinin univeritsitetlərindən bir çox cəhətdən, xüsusən də rəqəmsallaşma baxımından xeyli geridədir. Bu layihə çərçivəsində TDT lider universitetləri ilə əməkdaşlıq bizim universitetlərə faydalı ola bilər, təbii ki, bu şansdan düzgün istifadə etsək. Onların təcrübəsi bizim təhsil sistemi üçün çox əhəmiyyətlidir.
Digər tərəfdən təhsilin təşkili, idarəedilməsi, islahatların planlaşdırılması, proseslərin layihələnməsi, monitorinqi kimi məsələlərdə etdiyimiz səhvləri, müttəfiq ölkələrin tərtəfdaş universitetləri və təhsil menecerlərinin dəstəyi ilə aradan qaldıra bilərik. Təcrübə göstərir ki, bu məsələlərin həlli üçün ETN-nin potensialı hələ də zəifdir. Bizim təhsil sistemində kadr və maliyyə siyasətində də problemlər var. Belə strateji problemləri tərəfdaş universitetlərin təcrübəsi əsasında həll edə bilərik.
Bu gün dünyada açıq təhsil bir trend olub. Layihə çərçivəsində açıq təhsil modelinə keçmək mümkündür. "Türk Açıq Universiteti" modeli yaradılması TDT ölkələrinin təhsil sistemlərinin daha sıx inteqrasiyasını təmin edə bilər. Burada ortaq diplomlar, virtual universitetlər, Sİ əsaslı təhsil inteqrasiya oluna bilər.
4. Rəqəmsal suverenlik strategiyası hazırlanmalıdır. Əsas məqsəd tam qapalı sistem yaratmaq deyil, texnoloji asılılığı azaltmaqdır. Bu milli təhlükəsizlik, informasiya təhlükəsizliyi, mədəni müstəqillik məsələsidir.
XXI əsrdə əsas mübarizə rəqəmsal məkanda gedəcək. Əvvəlki əsrlərdə dövlətlər torpaq, enerji, hərbi güc uğrunda mübarizə aparırdı. Bu gün isə əsas mübarizə data, SI, informasiya, rəqəmsal təsir, insan diqqəti uğrundadır. Bu baxımdan "Türk rəqəmsal məkanı" gələcəyin strateji layihələrindən biri ola bilər.
Beləliklə, deyə bilərik ki, bu layihə türk dünyasının 21-ci əsrdə inteqrasiya meqalayihəsi ola bilər. "Türk rəqəmsal məkanı" ortaq texnoloji, informasiya, təhsil, AI, mədəniyyət ekosistemi yaratmağa xidmət edən ideyadır. Bu layihə rəqəmsal inteqrasiya, texnoloji əməkdaşlıq, Sİ inkişafı, insan kapitalının gücləndirilməsi üçün yeni imkanlar aça bilər.
Əgər Türk dünyası yalnız tarixi birliklə deyil, rəqəmsal birliklə də inteqrasiya olarsa, XXI əsrdə yeni intellektual, texnoloji, geosiyasi mərkəzlərdən birinə çevrilə bilər. Çünki gələcəyin ən güclü ittifaqları yalnız coğrafi deyil, rəqəmsal və intellektual məkan üzərində qurulacaq.
Türkiyə prezidenti R.T. Ərdoğanın dediyi kimi: "Ümid edirik ki, növbəti dövrü türk dünyasının əsri edəcəyik".
İlham Əhmədov
Təhsil eksperti