Akademik Zərifə Əliyeva Azərbaycanda nəyi sosial bəla statusundan çıxarmışdı?

(Bu gün Əməkdar elm xadimi, tibb elmləri doktoru, həkim-oftalmoloq Zərifə xanım Əliyevanın (28.04.1923, Şahtaxtı - 15.04.1985, Moskva) anadan olduğu gündür.)

Azərbaycan tibb elminin, milli aydınlıq ənənəsinin işıqlı səhifələri çoxdur və o işıqlı səhifələrdən biri də akademik Zərifə Əliyevanın ömür yoludur. Onun həyat yoluna nəzər saldıqda, tarixin yalnız hadisələrlə yanaşı, bəzən də işıqla yazıldığına inanmış oluruq. O işıq - bir böyük ütəkdən doğan mərhəmət, zəhmət və zəka nurudur. 

Zərifə xanımın həyatına baxdıqca, bəzi ömürlərin xalqa xidmətin, insanlığa sədaqətin canlı abidəsinə çevrildiyinə inanırsan.

103 il bundan öncə qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya gələn Zərifə xanımın taleyi elə aydınlıq, məsuliyyət və xidmət mühitində formalaşmışdır. Bu, həm bir ailənin, həm də bir məktəbin - Əziz Əliyev məktəbinin davamı idi.

Gənc Zərifə xanımın Azərbaycan Dövlət Tibb İnstitutunda keçdiyi illər isə bir peşə seçimindən daha çox, insan talelərinə toxunacaq bir missiyanın başlanğıcıydı.

Həkimliyi sənətdən daha irəli - vicdanın ən yüksək forması sananlara haqq qazandırmaq haqsızlıq olmazdı.
Zərifə Əliyeva üçün həkimlik peşəsi, belə demək olarsa, ürəyin məsuliyyəti idi.
O kabinet həkimi yox, xalq həkimiydi. O, müxtəlif müəssisələrə, özəlliklə sənaye zonalarına getdi, xəstəlik ocaqlarına daxil oldu, göz cəstəliyindən əziyyət şəkənlərin dərdinə həm tibbi, həm də mənəvi dərman buldu.
Bəli, traxoma ilə mübarizə - bir alimdən daha çox, bir xilaskarın işiydi! (Traxoma - konyuktivanın xroniki dənəvarı, infeksion xəstəliyidir. Adını yunanca trachus sözündən götürüb, nahamar deməkdir. Yoluxucu amili selikli qişanın epitel hüceyrələrində yerləşib, təmas yolu ilə xəstədən sağlam adama keçir. Xəstəlik uzun sürür və ağır fəsadlar verir. Sosial xəstəlik hesab edilir.)
XX yüzilliyin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyi minlərlə insanın görmə qabiliyyətini əlindən alırdı.
Şəfqət dolu ürək yiyəsi olan Zərifə xanım bu problemin qarşısına alim kimi də, cəmiyyətin xilası üçün məsuliyyət daşıyan bir vətəndaş kimi də çıxdı.
Onun tətbiq etdiyi müalicə metodları, təşkil etdiyi profilaktik tədbirlər nəticəsində traxoma Azərbaycanda sosial bəla statusundan çıxarıldı, minlərlə insan yenidən işığa qovuşdu, tibb elmi isə praktik nəticə ilə zənginləşdi.
Bax, bu, artıq elmi uğur olmaqla yanaşı milli səhiyyə tarixində dönüş nöqtəsi idi.

Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız bir sahə ilə məhdudlaşmadı. O, qlaukoma, virus mənşəli göz xəstəlikləri, peşə patologiyası, kimyəvi təsirlərin görmə orqanına təsiri kimi sahələrdə fundamental araşdırmalar apardı.
Zərif qəlb sahibinin doktorluq işi - kimya sənayesi işçilərinin görmə orqanının durumu ilə bağlı araşdırması - həm tibb üçün, həm sənaye və insan sağlamlığı arasında körpü oldu.
150-yə yaxın elmi əsər, 12 monoqrafiya, dərsliklər... -
Zərifə Əliyeva elmi insan üçün yazırdı. O, həm də akademik zirvədəydi amma dəyişməyən sadəliyi və artan şəfqəti vardı.

Onun şəxsiyyətində bir harmoniya vardı: alim idi, ana idi; aydın idi və hər şeydən öncə adı kimi zərif, könlü və peşəsi kimi şəfqətli insan idi.
Onun həyat yolu elmi uğurlarla yanaşı ailə dəyərləri ilə tamamlanır.

Zərifə xanımın adı və əməyi bu gün də yaşayır. Onun kitabları hələ də həkimlərin stolüstü vəsaitidir;
yetişdirdiyi kadrlar bu gün Azərbaycan səhiyyəsinin dayaqlarıdır.

Zərifə Əliyevanın həyatı bizə bir həqiqəti xatırladır: insan ömrü uzunluğu ilə yox, yaydığı işıqla ölçülür.

Ruhu şad olsun.

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31