Ölkəboyu polis əməliyyatları - bir gündə onlarla cinayət açıldı, 87 nəfər tutuldu

Azərbaycanda 1 gün ərzində ölkə ərazisində polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 89 cinayətin açılması təmin olunub.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Cinayətlərdən 69-u aprelin 23-də qeydə alınan, 20-si isə əvvəlki dövrlərdən bağlı qalanlardır. Görülən tədbirlər çərçivəsində axtarışda olan şəxslərin saxlanılması da təmin edilib. Ümumilikdə 156 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 119 nəfər müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. Həmçinin dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının fəaliyyəti nəticəsində itkin düşmüş şəxslərin tapılması istiqamətində də nəticə əldə olunub.

Belə ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin kimi axtarılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Hesabat dövründə narkotiklərlə mübarizə istiqamətində də əməliyyatlar davam etdirilib. Ümumilikdə 43 fakt aşkar olunub, eyni zamanda çəkisi 13,6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Qanunsuz silah dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı isə paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 3 tapança, 47 tüfəng, 14 patron darağı və 298 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb. Ümumilikdə qanunsuz saxlanılan silah-sursatla bağlı 38 fakt müəyyən edilib. Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılaraq istintaqa cəlb olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qanunsuz silahlanmaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31