30 illik buzlar əriyir: Azərbaycan regiondakı prosesləri necə tənzimləyir? – ÖZƏL
14:44 Siyasət"Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamışdı. Bu illər ərzində Ermənistanla Azərbaycan arasında bütün sahələrdə əlaqələr demək olar ki, kəsilmişdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və Cənubi Qafqazda yeni siyasi reallıq yarandı. Azərbaycan Prezidentinin apardığı uğurlu xarici və daxili siyasət regionda sabitliyin formalaşmasına, həmçinin böyük güclərin maraqlarının müəyyən mənada uzlaşdırılmasına şərait yaradıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün Azərbaycan həm regional, həm də geosiyasi baxımdan Cənubi Qafqazda baş verən proseslərə birbaşa təsir edən və müəyyən mənada onları tənzimləyən əsas aktorlardan biridir. Xüsusilə Ermənistanla Azərbaycan arasında münasibətlərin tədricən yaxşılaşması, dövlət başçılarının müntəzəm görüşləri və sülh sazişi mətninin razılaşdırılması istiqamətində aparılan işlər bunu təsdiqləyir. Azərbaycan dəfələrlə Ermənistana çağırış edib ki, əgər sülh sazişi imzalamaq istəyirsə, ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımalı və bununla bağlı öz konstitusiyasında dəyişiklik etməlidir. Bu məsələdə referendum keçirilməsi və xalqın iradəsinin ifadə olunması vacib hesab edilir. Çünki konstitusion dəyişikliklər yalnız xalqın qərarı ilə mümkündür. Bu baxımdan sülh prosesi təkcə mövcud hakimiyyətlə deyil, bütövlükdə erməni xalqı ilə aparılmalıdır. Bu gün hakimiyyətdə olan qüvvələr sabah dəyişə bilər, lakin qəbul edilən qərarlar uzunmüddətli və davamlı olmalıdır.
Ekspert qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan rəhbərliyi arasında müxtəlif səviyyələrdə - dövlət başçıları, parlament rəhbərləri və digər rəsmi qurumlar çərçivəsində müntəzəm görüşlər keçirilir. Eyni zamanda qeyri-hökumət təşkilatları səviyyəsində də dialoq davam edir ki, bu da qarşılıqlı anlaşmanın formalaşmasına xidmət edir. Azərbaycanın təşəbbüsü ilə regionda kommunikasiya və iqtisadi əlaqələrin bərpası istiqamətində addımlar atılır. Bu çərçivədə Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması prosesi başlayıb ki, bu da faktiki olaraq Ermənistanın blokadadan çıxmasına töhfə verir. Eyni zamanda enerji və iqtisadi sahədə də müəyyən əməkdaşlıq imkanları gündəmə gəlir. Bütün bunlar göstərir ki, Azərbaycan regionda düşmənçilik deyil, əməkdaşlıq və sabitlik mühitinin formalaşmasında maraqlıdır.
"Azərbaycanın mövqeyi aydındır: sülh sazişinin əsas prinsipi iki dövlətin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasıdır. Ermənistan konstitusiyasında isə Azərbaycana qarşı ərazi iddialarının qalması gələcəkdə hüquqi ziddiyyət yarada bilər. Bu səbəbdən də konstitusion dəyişiklik məsələsi prinsipial əhəmiyyət daşıyır. Azərbaycan parlamentinin rəhbərliyi də bu mövqeyi Ermənistan tərəfinə müntəzəm şəkildə çatdırır. Ümumilikdə, istər parlament, istər hökumət, istərsə də digər dövlət qurumları səviyyəsində bu prinsipial mövqe ardıcıl şəkildə ifadə olunur. Azərbaycan tərəfi Ermənistana düşmən kimi yanaşmır. Əksinə, Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın təmin olunması üçün sülh təşəbbüsünü ilk irəli sürən tərəf məhz Azərbaycan olub. Qeyd etmək lazımdır ki, 2026-cı ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərin nəticəsindən asılı olaraq ölkədə yeni siyasi qüvvələr hakimiyyətə gələ bilər. Lakin bundan asılı olmayaraq Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və bu mövqe bütün səviyyələrdə Ermənistan tərəfinə çatdırılır. Hesab etmək olar ki, Azərbaycan və Ermənistan parlament rəhbərləri arasında keçirilən görüşlər qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, fikir mübadiləsinin genişlənməsinə və ümumilikdə sülh prosesinin irəliləməsinə müsbət təsir göstərəcək", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova