İlham Əliyevin liderliyi ilə formalaşan gənclik Azərbaycanın sabahını etibarlı əllərdə saxlayır-Özəl
14:21 SiyasətYasamal rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti" mövzusunda Milli Məclisin deputatı Nigar Məmmədova ilə gənclərin görüşü keçirilib. "Olaylar" xəbər verir ki, Milli Məclisinin deputatı Nigar Məmmədova çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Dövlət gənclər siyasətini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət və qayğı göstərməsi isə hər bir gənci ruhlandırır. Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi könüllülük hərəkatı gənclərin sosial fəallığının artırılması, vətəndaş məsuliyyətinin formalaşdırılması və ictimai həyatda aktiv iştirakının təmin olunmasında mühüm rol oynayır. Könüllülük fəaliyyəti gənclərə praktiki bacarıqlar qazandırmaqla yanaşı, onların liderlik keyfiyyətlərini inkişaf etdirir və dövlətçilik dəyərlərinə bağlılığını möhkəmləndirir. Eyni zamanda, xaricdə təhsil imkanlarının genişləndirilməsi gənclərin beynəlxalq təcrübə qazanmasına, müasir bilik və innovativ yanaşmaları mənimsəməsinə şərait yaradır. Bu istiqamətdə həyata keçirilən proqramlar ölkənin intellektual potensialının gücləndirilməsinə və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edir. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfərlər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün gənclərimizlə fəxr edir və qürur duyuruq. Ulu Öndər Heydər Əliyev ideyaları və ölkə rəhbəri cənab İlham Əliyevin strateji liderliyi ilə formalaşan bu gənclik Azərbaycanın sabahını etibarlı əllərdə saxlayır".