Azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır
09:55 Siyasətİstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
İşğaldan azad olunmuş ərazilərdə əlverişli mühit yaradılması müasir Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biridir. Uzun illər ərzində dağıdılmış infrastrukturun bərpası, əhalinin doğma torpaqlarına qayıdışı və dayanıqlı inkişafın təmin edilməsi bu prosesin əsas istiqamətlərini təşkil edir. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Yol, körpü, elektrik, su və rabitə xətləri kimi əsas infrastruktur layihələri sürətlə icra olunur. Bu layihələr yalnız əhalinin rahat yaşayışını təmin etmir, eyni zamanda iqtisadi fəaliyyətin inkişafı üçün də möhkəm zəmin yaradır. Müasir texnologiyaların tətbiqi ilə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsi regionun gələcək inkişafını daha da sürətləndirir. Digər mühüm istiqamət sosial mühitin formalaşdırılmasıdır. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün yeni yaşayış kompleksləri tikilir, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Bu, insanların təhlükəsiz və komfortlu həyat şəraitində yaşamasına imkan verir, eyni zamanda cəmiyyətin sosial rifahını yüksəldir. İqtisadi baxımdan da bu ərazilər böyük potensiala malikdir. Kənd təsərrüfatı, turizm, sənaye və alternativ enerji sahələrində geniş imkanlar mövcuddur. Xüsusilə yaşıl enerji zonalarının yaradılması həm ekoloji tarazlığın qorunmasına, həm də iqtisadi inkişafın davamlı olmasına xidmət edir. Yerli və xarici investisiyaların cəlb edilməsi isə regionda yeni iş yerlərinin açılmasına və sahibkarlığın inkişafına təkan verir. Bundan əlavə, ekoloji mühitin bərpası xüsusi əhəmiyyət daşıyır. İşğal dövründə təbiətə vurulmuş ziyan aradan qaldırılır, meşələr bərpa olunur, su ehtiyatları qorunur. Bu tədbirlər gələcək nəsillər üçün sağlam və balanslı ekosistemin formalaşmasına şərait yaradır.
Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində 2023-cü ilin sentyabrında işğaldan azad edilən Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan Xocavənd kəndində həyata keçirilən abadlıq-bərpa işləri bunun əyani göstəricisidir. Belə ki, kənddə ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq. Bu ilin fevralında Xocavənd kəndinə daha 20 ailə - 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin qayıtması planlaşdırılır. Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub. Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan Xanabad kəndi Silahlı Qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid "Aslan qalası" memarlıq abidələri var. Hazırda Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb. Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində "Xanabad" kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.
Prezidenti İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşündə qeyd edib ki, artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik: "Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq üçün əsas ilkin şərtlər olmalıdır - elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə "Böyük Qayıdış" prosesi daha sürətlə gedəcək.
Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək".
Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə əlverişli mühitin yaradılması kompleks və çoxşaxəli bir prosesdir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu torpaqlar qısa müddətdə inkişaf edən, müasir və yaşamaq üçün cəlbedici bölgələrə çevrilməkdədir. Bu isə həm milli iqtisadiyyatın güclənməsinə, həm də ölkənin ümumi rifahının yüksəlməsinə mühüm töhfə verir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.